“Kaspi” qəzetinin əməkdaşı beynəlxalq festivalda

post-img

Vyanada Beynəlxalq Turizm Filmləri Festivalı (CİFFT) öz işinə başlayıb. 

Təşkilat ilk dəfə məhz 36-cı buraxılışında dünya səyahətçi jurnalistlərinin səyahətlə bağlı videolarını qiymətləndirmək üçün müsabiqə elan edib. Müsabiqənin qalibini yeni “Turizm Mətbuat Mükafatı” gözləyir. Noyabrın 26-dan 28-dək İspaniyanın Valensiya şəhərində keçiriləcək xüsusi mükafat “Dünya Turizm Filmləri Festivalı” (World Tourism Film Awards) mərasimində təqdim olunacaq. Final tədbirində mükafatların təqdimatı ilə yanaşı, dünyanın ən yaxşı turizm filmlərinin nümayişi də olacaq.

Global Media Groupun tərkibində olan “Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova da Azərbaycandan seçilən münsiflər heyətinin üzvləri sırasındadır. Təranə xanım bu barədə bizimlə fikirlərini bölüşərək dedi:  - Belə bir nüfuzlu festivalda münsiflər heyətinin üzvü olmağımdan çox məmnunam. Ölkəmizdən 3 nəfər münsiflərin üzvü kimi müsabiqədə təmsil olunur. Namizədliyimiz Dövlət Turizm Agentliyi tərəfindən irəli sürülüb. Buna görə Agentliyə  minnətdaram! Turizm həvəskarı kimi dünya səyahətçi jurnalistlərinin çevrəsində olmaq, onların yaradıcılığı ilə yaxından tanışlıq mənim üçün yeni təcrübədir. Hazırda müsabiqəyə təqdim olunan səyahət videolarının qiymətləndirilməsi prosesi gedir. Bir-birindən maraqlı videolar və filmlər var. Ən yaxşı səyahət çarxı xüsusi olaraq, “Turizm Mətbuat Mükafatı” na layiq görüləcək. Bu mükafat artıq böyük ənənəsi olan festival çərçivəsində ilk dəfə təqdim olunacaq. 

Qeyd edək ki, müsabiqəyə 23 ölkədən 66 səyahət videosu təqdim edilib. Səyahət videolarının qiymətləndirmə prosesinə sentyabrın 10-da start verilib. Proses sentyabr-oktyabr aylarını əhatə edən turlar çərçivəsində onlayn olaraq həyata keçiriləcək. Mükafatın qalibi Beynəlxalq Səyahət Jurnalistlərindən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Audiovizual məhsulların qiymətləndirilməsində dünyanın aparıcı media orqanlarından 80-dən çox səyahət jurnalistindən ibarət münsiflər heyəti iştirak edəcək.

Xatırladaq ki, festival Avropa Turizm Komissiyası (ETC), Mərkəzi Amerika Turizm Agentliyi (CATA) tərəfindən dəstəklənir. Bakı Beynəlxalq Turizm Filmləri Festivalı Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.

Fidan SALMAN
XQ



Mədəniyyət