Yaxud 2 tale yaşayan qadınların faciəsi
Bu yaxınlarda İrəvan Dövlət Azərbaycan Dram Teatrının yeni tamaşasına dəvət alanda çox sevindim, eyni zamanda, proqram-dəvətnamədə qeyd olumuş “İmir Məmmədlinin “Qadın” pyesi əsasında, psixoloji, mistik, qroteksvari, qeyri-səlis məntiqlə birhissəli uydurma” təqdimatı məni çox təəccübləndirdi.
Düşündüm ki, müasir, qeyri-ənənəvi tamaşalarda yuxarıda göstərilən istiqamətlərdən biri, yaxud ikisinə əməl olunur. Görəsən, rejissor dörd mürəkkəb istiqaməti bir uydurmada necə cəm edəcək və necə həll edəcək? Estetik, plastik, eyni zamanda teatrın tələblərinə cavab verən digər elementləri bir ahənglə nə cür təqdim edəcək? Doğrusu, çox həyəcanlı idim. Həm teatrın rəhbəri İftixar Piriyevin sənət təcrübəsinə və istedadına bələd olaraq çox ümidli idim. Həm də bu mürəkkəb tərəflərin birliyini təsəvvür etmək zövqverici və təəccüblü idi.
Nəhayət, 2024-cü ilin 11 iyulu – gözlədiyim gün gəlib çatdı. Gənc Tamaşaçılar Teatrında qarşılaşdığım anşlaq tamaşanın ictimaiyyət tərəfindən marağa səbəb olduğuna sübut idi. Doğrusu, tamaşanın zalda öz yerində “əyləşməyən” və nəzarətçinin narazılığına görə “küçə davası” salan və səhnəyə qaçan qadınların çığır-bağırı ilə başlaması ovqatımı təlx etdi. Təsəvvür etdiyim gözəlliyi seyr etmək istəyimi azaltdı (sonradan fikrim yaxşı mənada tam dəyişsə də, heç cür bu səhnəyə haqq qazandıra bilmədim).
Fransa bəstəkarı, dirijor və caz piano ifaçısı Mişel Lerqanın həzin musiqi sədaları ilə aktrisaların plastik rəqslərini görəndə bildim ki, həyəcanım əbəs deyilmiş, tamaşanın sonuna qədər, həqiqətən də, psixoloji, mistik, qroteksvari, qeyri-səlis məntiqli bir “uydurma”nın şahidi olduq və bu, tamaşaçıya müasir teatrın çoxistiqamətli həllini bir daha göstərdi, Azərbaycan teatrının yeni inkişaf istiqamətini təyin etdi.
Əsərin məzmunu real həyatımızı tam əhatə edir. Əsərin qayəsi əksər ailələrdə mövcud olan etinasızlıq, hər bir qadının qəlbində gizli saxladığı tənhalıq hissi, birgə yaşamın çətinlikləri, qısqanclıq, hər bir xanımın sevilmək, dəyərləndirilmək, xoşbəxtlik arzusu kimi təzadlı mövzularla zəngin idi. Səhnədə qadın obrazında Xədicə Məmmədova, Siluet rolunda Güney Əliyeva və Şəhvət qismində Pərvin Dadaşova plastikaları, gözəllikləri, yüksək istedadı və səhnə bacarığı ilə tamaşanın sonuna qədər bizi cazibələrində saxladılar. Aktrisaların İn və Yan qütblərini əks etdirən Taicitunu səhnənin önünə gətirmələri rejissorun çox maraqlı tapıntılarındandır.
Həyatımızın əksliklərin vəhdətindən ibarət olmasını nəzərə alsaq, burada da görürük ki, əks qütblərdən biri digəri olmadan müstəqil mövcud ola bilməz. Gecə olmadığı müddətcə gündüz də yoxdur və əksinə. Qütblər bir-birini yaratdığı, dəstəklədiyi kimi eyni şəkildə məhv edə, məhdudlaşdıra da bilərlər. Necə ki, əsərdə qadının qəlbinin dərinliyndə gizli saxladığı xəyalları, arzuları, gözləntiləri, təzadlarla əks olunur. Sevincində kədər, kədərində isə ümid görünür. Aktrisaların mimikaları, səhnə plastikaları, məzmunu olduğu kimi təqdim edən səhnə hərəkətlərinin dinamikliyi, obrazdan obraza dəyişmələri çox yüksək peşəkarlıqla nümayiş olunurdu. Bu səhnələrə tamaşa etdikcə xəyalımda rejissorun verdiyi mizanlar, zəhmətlə edilən çoxsaylı məşqlər, göz yaşları, gülüşlər canlanırdı. Özümü sanki məşqlərdə iştirak etmiş kimi hiss edirdim.
Rejissor yüksək peşəkarlıqla tamaşaçı ilə ünsiyyət məsələsini də həll edir. Siluet və Şəhvət lazer işıqları ilə tamaşaçının onlarla birgə keçirdiyi həyəcanını daha da artırır (Bu tipli tamaşalarda bəzən aktyorlar konkret tamaşaçıya sual verir. Mənsə sanki sual gözləyirmiş kimi həyəcanla hadisələri izləyirdim. Bu onunla əlaqədardır ki, “Siluet”də rejissor tamaşaçını səhnədə gedən hadisələrin bir hissəsinə çevirə bilmişdi).
Belə bir deyim var ki, qadını başa düşməyə çalışmaq lazım deyil, onu sevmək lazımdır. Tamaşada bu hisslər pantomim hərəkətləri, plastikaları ilə çox dəqiq verilib. Qadın özünü sevgilisinin arvadının yerinə qoyur, çox dərin psixoloji travma yaşayır. Əslində, baş verməsi mümkün olan bir faciəni yaşayır. Həm məşuqənin xoşbəxt anlarının ləyaqətsiz hərəkətinə görə suçlanma hissi, ailəli xanıma qibtə hissi, həm də xəyanət olunan xanımın xəyal qırıqlığı həyəcanı.
Belə məlum olur ki, bir qadının taleyndə hər iki hadisə yaşana bilər. Xədicə Məmmədova hər iki qadının bir-birinə olan qibtə, nifrət, eyni zamanda da, empatiyasını çox yüksək peşəkarlıqla ifa edir. Tamaşaçını inandırmağı bacardığı kimi ona həm də öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmağın sonunu göstərir. Ümumiyyətlə, Güney Əliyeva da, Pərvin Dadaşova da hər üç aktrisa obrazlarını o qədər səmimi, təbii, plastik ifa edirlər ki, tamaşaçını inandırır və həyəcanda saxlamağı bacarırlar. Hətta tamaşa boyu yalnız kölgəsi görünən kişi obrazının ifaçısı Əmrulla Nurullayevi də tamaşaçı sanki səhnədə olmuş kimi qəbul edir. Çünki tamaşa tamdır, bitkindir, hadisələr arasında əlaqə kəsilmir. Bu da bir daha rejissorun peşəkarlığından xəbər verir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayevanın “Siluet“ tamaşası haqqında yazdığı məqalədə deyilir: “İki tale yaşayan Qadın bütün qadınların taleyi barədə bir tablo yaradır. Hər bir qadının həyatında baş verə biləcək hadisəyə hazır olmağa, nə özünü, nə də qarşısındakını günahlandırmamağa səsləyir. Çünki Qadın obrazın dili ilə deyir: “bu, həyatdır”. Rejissor isə deyir: “həyat qeyri-səlisdir”.
”Qeyri-səlis məntiq” insanların qeyri-dəqiq və rəqəmi olmayan məlumatlara əsaslanaraq qərarlar qəbul etməsinin müşahidəsinə əsaslanır”. Yeni teatr sistemi ilə hazırlanan “Siluet“ tamaşası qeyri-səlis məntiqə tam uyğun gələn ilk tamaşadır. Əsərin fəlsəfi məzmunu, təsir qüvvəsi, eyni zamanda, müasir teatr tendensiyalarına da uyğundur.
Tarix elmləri doktoru, kulturoloq, professor Fuad Məmmədov Lütfü Zadənin “Qeyri-səlis məntiq nəzəriyyəsi” əsasında “Kulturologiya piramidası” universal metodunu yaratmışdır. Məqsəd dünya mədəni irsini öyrənməklə milli mədəniyyətin inkişafına elmi cəhətdən yardım edilməsi, insanın inkişafının və idarəçiliyin mürəkkəb problemlərinin sistemli təhlili, bununla da, innovativ kulturoloji yanaşma işlənib hazırlanmasıdır. Bu mənada “Siluet“ tamaşası F.Məmmədovun təqdim etdiyi “Kulturologiya piramidası” universal metoduna tam uyğun gəlir. Bu metodun təhlilində idrakın əsas xüsusiyyətləri, insanın yaradıcılıq bacarıqları tədqiq edildiyi üçün “Siluet“ tamaşasının həm yaradıcılıq, həm də innovativ təqdimatı baxımından kulturologiyanın tətbiq sahəsinə aid etmək olar.
Tamaşanın məzmunu, eyni zamanda, nümayişdə istifadə olunan həm pantomim, həm də kölgə teatrının elementləri müasir tələblərə tam cavab verir. Rejissor işi, aktyor oyunu, səhnə tərtibatı, simvollarla zəngin dekorasiya, qadınların qeyri-ənənəvi, bir qədər Avropa düşüncəsinə uyğun gələn fantaziyalarının Fransa bəstəkarının musiqisi ilə müşayiəti, tamaşanın ayrılmaz bir hissəsi kimi təqdim olunan paklon, ümumiyyətlə, hər şey möhtəşəm, peşəkar idi. Tamaşa nümayiş olunan gün “Siluet“in tamaşaçıları çox şanslı və xoşbəxt idilər. Bu məqamda paklonun musiqi sədaları ilə müşayiət olunması və bununla da tamaşaçıya daha çox alqışlamaq şansı verilməsi arzusu keçdi könlümdən.
Əsərin müəllifi İmir Məmmədli, tamaşanın rejissoru İftixar Piriyev, ədəbi dram hissəsinin rəhbəri Nərminə Ağayeva başda olmaqla teatrın bədii, texniki, yaradıcı heyətini belə möhtəşəm bir tamaşanın ərsəyə gəlməsi münasibəti ilə təbrik edirəm. Yeni teatr mövsümündə uğurlarınız davamlı olsun.
Minaxanım Əsədova,
tarix elmləri doktoru, kulturoloq