Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024-ün mediada yüksək səviyyədə işıqlandırılmasını təmin etmək məqsədilə yerli KİV nümayəndələri üçün qeydiyyat seminarı keçirib. Təlim zamanı jurnalist və fotoqraflara qeydiyyat prosesi, media mərkəzinin fəaliyyəti və onların yarış zamanı əməl etməli olduqları qaydalar barədə geniş məlumat verilib.
Media nümayəndələrinə Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024 barədə ümumi məlumat, yarış təqvimi, komandaların heyətləri və bu möhtəşəm tədbirin əsas məqamları təqdim edilib. Beynəlxalq Avtomobil Federasiyası və Formula One Management şirkəti tərəfindən tənzimlənən akkreditasiya prosesi media nümayəndələrinin işinin beynəlxalq standartlara uyğun təşkil edilməsinə yönəlib və yarış zamanı onların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülüb. Hər il olduğu kimi, bu il də akkreditasiyaya qeydiyyat prosesi elektron portal üzərindən həyata keçirilib.
Seminarda media nümayəndələrinin yarış boyu iş qrafiki, media mərkəzindəki qaydalar və onlara təqdim olunan texniki imkanlar ətraflı şəkildə müzakirə edilib.
Qeyd edək ki, ötənilki Azərbaycan Qran-Prisini 250-dən çox yerli və beynəlxalq media nümayəndəsi işıqlandırıb.
Bakı 8-ci dəfə sürət yarışına ev sahibliyi edəcək. Bu il Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 13-15 sentyabr tarixlərində keçiriləcək.
L.AZAD,
E.AĞALAR (foto)
XQ