Gəncə səhnəsinin unudulmaz aktyoru

post-img

Qurban Abbasov – 80

Deyirlər, elə insanlar var ki, dünyaya gələndə istedadları da onlarla bərabər doğulur. Bu kimi insanlar elə öz istedadlarının sayəsində zamanın və dövrün tanınmış simalarına çevrilə bilirlər. Gəncə Dövlət Milli Dram Teatrının istedadlı aktyorları sırasında bu gün də adı tez-tez xatırlanan, mərhum Əməkdar artist Qurban Abbasov da həmin şəxsiyyətlərdən, istedadı ilə sevgi qazanan sənətkarlardan olub. 

Onun sənət yolu bir teatrın yaradıcılıq yoludur, səhnəyə gətirdiyi yeniliklər bir teatrın yenilikləridir. Yaratdığı obrazlar epizodik olsa belə, tamaşaçının yaddaşına əbədi həkk olunub, xalqının milli sərvətinə, teatr tarixinin parlaq səhifəsinə çevrilib. Əlbəttə, hər bir tamaşaçı teatra öncə bir-iki sevimli aktyorunun yaradıcılığına, isteda­dına görə gəlir. Hər zaman olduğu kimi, tamaşaçını ən çox maraqlandıran məhz aktyor oyunu olur. Sadə dramatik rollarda, tipik-xarakterik personajların təqdimatında uğur qazanan, maraqlı lirik-psixoloji qəh­rəman obrazları ilə yaddaşlarda yaşayan Qurban Abbasov özü işıqlı bir obraz kimi gözlər önündə canlanır. 

Qurban Məmiş oğlu Abbasov 1944-cü ildə Göyçə mahalının Qarabağlar kəndində dünyaya gəlib. 1949-cu ildə ailə­si ilə birlikdə Bakıya köçüb. Valideyinləri­ni vaxtsız itirdiyindən qardaşının himayə­sində böyüyüb. 1951-ci ildə Keşlə qəsəbəsi S.Vurğun adına orta məktəbə daxil olub və 1958-ci ildə yeddiillik təhsilini biti­rib. Daha sonra Göycay Kənd Təsərrüfatı Texnikumunda oxuyub və 1962-ci ildə oranı bitirib. 1963–1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsində ali təhsil alıb. Sonra təyinatla Gəncə Dövlət Milli Dram Teatrına göndə­rilib və 30 il yalnız bu teatrın səhnəsi ilə bağlı olub.

Onun yaradıcılığına nəzər salarkən ən kəskin dramatik vəziyyətlərdə belə daxili təmkinini böyük ustalıqla saxlaya bilmə­sinin şahidi olursan. Səhnədə hər zaman obrazın psixoloji duyumunda həssas akt­yorluq qabiliyyətinin olması ilə yanaşı, ifa etdiyi personajın daha xarakterik cəhətləri və cizgilərini qabarıq göstərdiyini də gör­məmək mümkün deyildi. Qurban Abbasov Gəncə Dövlət Milli Dram Teatrında milli klassik dramaturgiyamızın, çağdaş Azər­baycan müəlliflərinin müxtəlif janrlı, həm­çinin tərcümə əsərlərində səhnəyə qoyulan tamaşalarında müxtəlif səpkili obrazlar qa­lereyası yaradıb. 

Professor Bağır Bağırov onun yaradı­cılığı haqqında yazırdı: “Yusif Əzimzadə­nin 1975-ci ildə Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində hazırlanan “Unut­mayın” pyesində Qurban Abbasovun akt­yorluq məharəti ilə yaratdığı Əli Dadaşov surəti öz daxili temperamenti, nitq mədə­niyyəti, obrazın xarakterini açmaq üçün tapılan cizgilər və digər fərqli çalarlarda seçilirdi”. 

Aktyorun Əbdürrəhim bəy Haqverdi­yevin “Bəxtsiz cavan”da Fərhad, İ. İbrahi­movun “Anaların divanı”nda Yusif İdris, Cəfər Cabbarlının “1905-ci ildə”əsərin­də Eyvaz, “Aydın”da Surxay, “Yaşar”da Toğrul, “Oktay Eloğlu”da Aslan bəy, Sa­bit Rəhmanın “Xoşbəxtlər”ində Sadıq, “Əliqulu evlənir”də Azad, “Küləklər”də Əlibala, Səməd Vurğunun “Fərhad və Şi­rin”ində Şiruyə obrazları onun uğurlu rolları silsiləsinə daxildir. 

Müasirlərinin dediklərinə görə, Əmək­dar artist Qurban Abbasov hər zaman səh­nədə roldan-rola inkişaf edən, bir qədər də narahatlıqla hər bir mizanı və obrazın daxili aləmini dərindən öyrənməyə ciddi səy göstərən bir yaradıcı şəxs olub. Onun Xalq artisti Vaqif Şərifovun quruluşun­da tənqidçi-estet İslam İbrahimovun “Anaların divanı” faciəsində yaratdığı Yu­sif İdris obrazı maraqla baxılan surətlərin­dən idi. 

Qurban Abbasov, həmçinin xari­ci müəlliflərin əsərlərində yaddaqa­lan rollar oynayıb. Uilyam Şekspirin “III Riçard”ında IV Eduard, Qabrielya Zapolskayanın “Xanımın əxlaq dərsi”ndə Zbışko, Mustay Kərimin “Aygül diyarı”nda Kənar adam, Otar İoselianinin “Araba hələ aşmayıb” pyesində Buxuti, Maksim Qorki­nin “Qoca”sında Pavel, Eduard Radzinski­nin “Sokratla söhbətlər”ində Sokrat, Dias Valeyevin “Vicdan məhkəməsi” dramında Qarif kimi səhnə personajlarını hər zaman tamaşaçılar hərarətlə qarşılayıblar.

Görkəmli teatr və kino aktyoru, Xalq artisti Məmmədrza Şeyxzamanov aktyor haqqında yazırdı: “Gəncə Dövlət Dram Teatrının yaşlı nəslə mənsub aktyorları ilə gənc qüvvələr arasında möhkəm yaradı­cılıq ünsiyyəti vardı. Belə gənc aktyorlar sırasında Qurban Abbasov xüsusi olaraq diqqəti cəlb etməklə, böyük sənət məktə­bindən hər zaman bəhrələndiyini və inki­şaf etdiyini göstərə bilir. Bu cür inkişaf və yaxınlıq yaradıcılıq baxımından etibarlı zəmindir”.

1980-ci ildə Gəncə şəhərinin “Alim­lər evi”ndə təşkil edilən Xalq teatrı ciddi planda tamaşaların hazırlanmasında böyük səylər göstərirdi. Məhz bu teatrın uğurlu fəaliyyətində bədii rəhbər olaraq Qurban Abbasovun fəaliyyəti diqqət mərkəzində idi. Onun fəaliyyəti nəticəsində Rövşən Musayev, Mehriban Atayeva, Rövşən Əli­yev, Namiq Tahirov, Rauf Həsənov, Arif Qulami, Elnur Məmmədov, Murad Əliyev, Rəşid Nağıyev, Rüstəm Abdullayev kimi gənc istedadlar peşəkar aktyorlar olaraq yetişmişlər. 

Aktyorun səhnə fəaliyyəti 1981-ci ildə Əməkdar artist fəxri adı ilə dəyərləndiri­lib. Qurban Abbasov 5 dekabr 1998-ci ildə Gəncədə vəfat edib. Amma cismani yoxlu­ğu onun mənəvi varlığını əsla unutdurma­yıb. Ruhu şad olsun!

Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas



Mədəniyyət