Türkiyənin Marmaris və Antalya şəhərlərində “Azərbaycan mədəniyyəti və sənəti günü” keçiriləcək

post-img

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə milli mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, Azərbaycan dilinin təbliği, habelə mədəni əlaqələrimizin daha da möhkəmləndirilməsi məqsədilə qardaş ölkənin bölgələrində tədbirlər və layihələr həyata keçirilir.

Layihə çərçivəsində avqustun 29-dan 31-dək Türkiyənin tarixi və turizm bölgələri olan Marmaris və Antalya şəhərlərində “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Tədbirlər Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycanın Türkiyədəki səfirliyi və Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə baş tutacaq.

“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri ənənəvi olaraq Marmaris şəhərində yerləşən altı min nəfərlik qədim açıq hava amfiteatr səhnəsində keçiriləcək “Elvedasız şarkılar” adlı möhtəşəm konsert proqramı ilə başlayacaq. Konsert proqramında Azərbaycan və Türkiyə sənətçilərinin ifasında hər iki ölkənin musiqi və rəqsləri nümayiş olunacaq.

“Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirlərinin davamı olaraq avqustun 31-də Antalya şəhərində Nazim Hikmət Mədəniyyət və Konqres Mərkəzində “Azərbaycanın təsviri sənəti” mövzusunda sərgi açılacaq.

Sərgidə Azərbaycandan “FR Collection” kolleksiyasına aid tarix-milli qadın baş örtüyü olan kəlağayılar, milli geyimlərimiz nümayiş etdiriləcək, Azərbaycan qadın rəssamlarının əsərlərindən ibarət sərgi açılacaq.

Həmçinin Antalyada Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı keçiriləcək. Konsertdə Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycanın Əməkdar artistləri Ramil Qasımov, tarzən Sahib Paşazadə, gənc azərbaycanlı müğənnilər Aynur İsgəndərli, Vüsalə Əskərova milli musiqi əsərlərimizi Mədəniyyət Mərkəzimizin Azərbaycan Xalq Rəqsləri Ansamblı isə milli rəqslərimizi ifa edəcəklər.

Tədbirlər çərçivəsində Antalya televiziya kanalı nümayəndə heyətimizi qonaq edəcək. Burada incəsənət ustalarımızın iştirakı ilə Azərbaycan-Türkiyə qardaşlığına dair musiqili veriliş təşkil olunacaq.

Bütün bunlarla yanaşı, səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Antalyadakı Akdeniz Universitetində “Azərbaycanşünaslıq Mərkəzi”nin təşkili məsələləri müzakirə ediləcək. Mərkəz tərəfindən bu ali təhsil müəssisəsi ilə Marmaris və Antalyanın aparıcı kitabxanalarına Azərbaycana dair nəşrlər hədiyyə olunacaq.

Mədəniyyət