Qaranlıq iztirabların işıqlı sonu

post-img

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qalib ordumuzun rəşadəti sayəsində Azərbaycanın 30 illik Qarabağ nisgilinə son qoyulub. İllərlə yaşadığımız işğal dərdinə məlhəm çəkmək üçün, bəlkə də, bizə bir onillər də lazım olacaq. Müharibənin vurduğu yaralar elə də asanlıqla sağalmır. Bu mövzuda əsərlərin yazılmasına, filmlərin çəkilməsinə ehtiyac böyükdür. 

Sevindirici haldır ki, artıq bu mövzu­da ekran əsərlərinin çəkilişi reallaşdırılır. İndi haqqında söz açacağımız ekran əsəri müharibədən deyil, onun insan həyatında buraxdığı dərin izlərdən və nakam talelərin faktiki iztirablarından bəhs edir.

30 il əvvəl Qarabağda itirilmiş nakam talelərin axtarışına çıxan qəhrəmanların hekayəsini sərgiləyən “İşığa doğru” fil­mində hadisələr işğaldan azad edilmiş Fü­zuli rayonunda baş verir. Ekran əsərinin çəklilişləri bu yaxınlarda başa çatıb. Elşad Ərşadoğlunun ssenari müəllifi və rejissoru olduğu sənədli film müşahidə və subyek­tiv kamera üsullarından istifadə edilməklə, ərsəyə gətirilib və təhkiyəsi 2 paralel süjet xətti üzərində qurulub. 

“XQ”-yə açıqlamasında müəllif ekran əsərinin təsadüfən “İşığa doğru” adlandı­rılmadığını söylədi. 

– Sözügedən mövzuda bədii film la­yihəmiz olduğu üçün bu sənədli ekran işini belə adlandırmışıq. Bir növ bədii filmin hazırlıq prosesi gedir. Filmin ilkin mon­tajı yekunlaşmaq üzrədir. Hazırda səs və rəng korreksiyası işləri görülür. Payız ay­larında ölkəmizdə filmin ilk təqdimatını edəcəyik. Əsas məqsəd 30 illik ağrı-acı­mızı həm də dünya tamaşaçısına çatdır­maqdır. Bunun üçün xarici festivallarda da filmin təqdimatını düşünürük. Onu da nəzərinizə çatdırım ki, bu ekran əsəri “OB FILM” və “KİNOBİZ” şirkətləri tərə­findən birgə istehsal olunub. 

Yeni sənədli filmin təsvir rejissoru Va­sif Vəlizadə, səs rejissoru Hafiz İbrahimli, montaj rejissoru Murad Şükürlü, prodüser­ləri Ramil Ələkbərov və Orxan Behbiddir.

Ceyhun ALIŞLI

Mədəniyyət