Azərbaycan idmanı tarixinin ən əlamətdar günlərini yaşayır. Milli Olimpiya komandamızın Fransanın paytaxtında keçirilən yay Olimpiya oyunlarında ilk böyük qələbəsi ürəyi Azərbaycanla döyünən hər kəsə qürur dolu xoş anlar yaşatdı.
Müstəqil Azərbaycan idmançılarının iştirak etdikləri səkkizinci olimpiadada 8-ci qızıl medalı dünya çempionu, 4 qat Avropa çempionatının qızıl medalçısı Hidayət Heydərov qazandı. Nəzərə alsaq ki, həlledici görüş məhz cüdo ölkələrindən biri olan, özü də hələ də bu idman növü üzrə qızıl medal qazana bilməyən Fransanın yerli idmançısına qarşı idi, o zaman vəziyyətin nə qədər gərgin olduğunu təsəvvür etmək olar. Yerli azarkeşlərin öz idmançılarını qələbəyə səsləmələri tam təbii olsa da, Hidayət üçün əlavə təzyiq yaradırdı. Rəqib məkrli siyasəti ilə uzun illər Azərbaycana düşmən mövqe sərgiləyən bir ölkənin təmsilçisi olduğu üçün qarşılaşma prinsipial xarakter daşıyırdı. Azərbaycana, onun idmançısına xas səbir, təmkin nümayiş etdirməklə qarşılaşmanı nəzarətdə saxlayan, məqam yetişdikdə çox dəqiq, ölçülüb-biçilmiş hərəkəti ilə döyüşü qalib başa çatdıran Hidayət üstünlüyün məhz bizim tərəfimizdə olduğunu nümayiş etdirdi. Qələbənin gətirdiyi burulğan yerli publikanı bir an dondursa da, saniyələr ərzində necə deyərlər, özlərinə gəlib reallıqla barışmalı oldular. Mükafatlandırma mərasimində iştirakçıların Dövlət Himnimizi ayaq üstə, alqışlarla dinləmələri qürurverici idi.
Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Hidayət Heydərovun (73 kiloqram) Paris Oyunlarında çempionluğunu yüksək dəyərləndirib. O qeyd edib ki, Hidayət Olimpiya çempionu olmaqla verdiyi bütün sözlərə əməl edib, qarşısına qoyulan tapşırığı layiqincə yerinə yetirib.
Federasiya rəsmisi bildirib ki, Hidayətin Parisdə fransız idmançını məğlub etməsi, Azərbaycan Bayrağını qaldırıb, Dövlət Himnini səsləndirməsi ikiqat sevincə səbəb olub:
–Xalqımızı təbrik edirəm. Hidayət ağıllı güləş nümayiş etdirdi. O, artıq Avropa, dünya və Olimpiya çempionudur. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasına da minnətdarlığımı bildirirəm. Rəqibin itirəcək heç nəyi yox idi. Amma Hidayət Avropa və dünya çempionu olmaqla yanaşı, öz çəkisi üzrə dünya reytinqində ilk sıradadır. Rəqib var gücü ilə güləşirdi. Fransızlar öz təmsilçilərini yaxşı dəstəkləyirdilər. Tribunada da ona dəstəyin çox olduğu görünürdü. Amma əsas qələbədir. Hidayət də bunu bacardı.
Veteran cüdoçu bildirib ki, federasiyada idmançılarımız üçün hər cür şərait yaradılıb. Hidayət bütün çətinliklərin öhdəsindən gəldi və özünü yaxşı tərəfdən göstərə bildi. Çox sevindirici haldır ki, onun üzərində mənim də əziyyətim var.
Komandamız Paris Oyunlarında çıxışını davam etdirir. Dünən millimizin üzvləri bu mötəbər yarışda mübarizəni davam etdiriblər. Cüdo komandamızın daha bir titullu idmançısı, builki dünya çempionatının qalibi Zelim Tçkayev (81 kq) tatamiyə çıxıb. 1/16 finalda fransalı Umar Alfa Djalo ilə üz-üzə gələn idmançımız, təəssüf ki, onun öhdəsindən gələ bilməyib.
Azərbaycan üzgüçüsü Ramil Vəlizadə də yarışda çıxışını başa vurub. 200 metr məsafəyə batterflyay üsulu ilə üzən idmançımız təsnifat mərhələsini adlaya bilməyib. Buna onun yekun nəticəsi səbəb olub. Məsafəni 1 dəqiqə 59,77 saniyəyə qət edən üzgüçümüz 27 iştirakçı arasında 25-ci olub, bir idmançı isə yarışa qatılmayıb. Yarımfinala 16 ən yaxşı idmançı yüksəldiyi üçün Ramil mübarizəni dayandırmalı olub.
Akademik avarçəkmə üzrə Diana Dımçenko Oyunların 1/4 final mərhələsində mübarizə aparıb. O, 2000 metr məsafəyə fərdi yarışın qrup mərhələsində 6 idmançı arasında 4-cü yeri tutub. Təmsilçimiz məsafəni 7 dəqiqə 53,76 saniyəyə qət edib. Bu nəticə ilə idmançı C/D yarımfinalına vəsiqə qazanıb. 1/4 final mərhələsində ilk üç yerin sahibi A/B, digər üç olimpiyaçı C/D yarımfinalına yüksəlib. D.Dımçenko 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulacaq. A/B yarımfinalları avqustun 1-də, C/D yarımfinalları isə iyulun 31-də baş tutacaq.
Dünən, həmçinin boksçular - Nicat Hüseynov (51 kq) və Murad Allahverdiyev (80 kq) rinqə çıxıblar. Yarışa 1/16 finaldan başlayan N.Hüseynov Dominikandan olan Junior Alkantara Reyesə uduzub. M.Allahverdiyev misirli Abdelrahman Abdelcavvadla qarşılaşıb. Boksçumuz rəqibinə qalib gələrək 1/4 finala yüksəlib.
Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova 1/32 finalda çinli An Qixuana qalib gəlsə də, idmançımız növbəti mərhələdə – 1/16 finalda almanıyalı Mişel Kroppenə uduzaraq mübarizəni dayandırıb.
Bu gün cüdo komandamızın daha bir perspektivli üzvü, 90 kiloqram çəki dərəcəsində Elcan Hacıyev gücünü sınayacaq. Builki Avropa çempionatının qalibi, həmçinin Paris, Tbilisi “Böyük dəbilqə” turnirlərində gümüş, Qazaxıstandakı analoji yarışda isə bürünc medal qazanıb. Onun potensialı da kifayət qədər yüksək qiymətləndirilir.
Cüdoçumuz Hidayət Heydərovun Parisdə qazandığı qızıl medal yarışda çıxışını davam etdirən idmançılarımız üçün böyük motivasiyadır. Ümid edirik ki, olimpiyaçılarımız Vətənə yüksək mükafatlarla dönəcəklər.