Xəzərin sahilində “Dream Fest – 2024” festivalı davam edir

post-img

Bakıda, “Sea Breeze” istirahət mərkəzində “Dream Fest – 2024” Beynəlxalq Musiqi Festivalı davam edir.

AZƏRTAC xəbər verir ki, iyulun 28-də yekunlaşacaq festivalda əksəriyyəti postsovet məkanından, eləcə də Türkiyə, Böyük Britaniya, Kanada və digər ölkələrdən 100-dən çox musiqiçinin çıxışı maraqla izlənilir.

Onların arasında Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Jony (Cahid Hüseynli), həmçinin Xalq artistləri Aygün Kazımova, Emin, isveçli müğənni Bosson, rusiyalı sənətçi Ani Lorak, Azərbaycan əsilli Qazaxıstan müğənnisi Jah Khalib (Bəxtiyar Hüseynov), Mot (Matvey Melnikov) və başqaları var. MDB ölkələri arasında “Ən yaxşı remiks” nominasiyası üzrə “Qremmi” mükafatını alan ilk musiqiçi qazax İmanbek Zeikenov (DJ İmanbek) da festivalın iştirakçısıdır.

Artıq neçə gündür ki, “Sea Breeze” istirahət mərkəzində bir neçə nəsil musiqiçilər populyar mahnılarla mavi Xəzəri salamlayır.

Festival tamaşaçılarının rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobuslar da ayrılıb. Festival məkanına avtobuslar hər gün saat 16:00-dan 20:00-a qədər “Koroğlu” metro stansiyasının cənub çıxışındakı nəqliyyat mübadilə məntəqəsindən yola düşür.





Mədəniyyət