Əli Yerlikaya: 4 təhlükəli PKK terrorçusu zərəsizləşdirilib

post-img

Türkiyə Silahlı Qüvvələri “Gürz-2” əməliyyatı çərçivəsində ölkənin cənub-şərqindəki Siirt vilayətinin Pervari rayonu yaxınlığında 4 PKK terrorçusunu zərərsizləşdirib. Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya iyulun 27-də sosial şəbəkədə məlumat verib. Xəbəri “Anadolu” yayıb. 

Zərərsizləşdirilən iki terrorçu – “Benda Amed” ləqəbli Semra Ayverdi və “Ram Hemlin” ləqəbli Seyithan Şencerin adları axtarışda olan cinayətkarların “narıncı”, daha ikisi – “Sarı İbrahim” ləqəbli Yakup Nişo və “Destina Botan” ləqəbli Bişenk Durmuşun adları “boz” siyahıda olub. 

Yerlikayanın sözlərinə görə, yaraqlılar 6 təhlükəsizlik qüvvəsi və 5 Türkiyə vətəndaşının ölümü, daha 6 təhlükəsizlik qüvvəsinin və 11 mülki şəxsin yaralanması ilə nəticələnən 9 terror aktında iştirak ediblər.

Nazir terrorçuların məhv edilməsini əks etdirən görüntüləri də dərc edib və Hərbi Hava Qüvvələri, jandarm və digər təhlükəsizlik qüvvələrini uğurlu əməliyyat münasibətilə təbrik edib.

O vurğulayıb ki, Türkiyə ordusu sonuncu terrorçu məhv edilənə qədər dayanmayacaq.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya