Avstriyalı rəssam Vilhelm Hammerşoy. O, rəssamlıq sənətində poetik rənglərlə işlənmiş portretləri və interyerləri ilə tanınır. Avstriya şair və yazıçısı Rainer Marie Rilke 1905-ci ildə rəssam haqqında yazırdı: “Hammerşoy ləng işləsə də, onun gördüyü işin nəticəsi hər zaman möhtəşəm olur. O, həmişə işlədiyi əsərlərdə nəyin necə və hansı səviyyədə olacağını çox gözəl bilir”.
Hammerşoy əsasən doğma şəhəri Kopenhagendə işləmiş, portretlər, memarlıq və interyer mövzusunda rəsm əsərləri yaratmışdır. O, ərsəyə gətirdiyi bir çox sənət nümunələrində digər həmkarlarından fərqli olaraq, parlaq rənglərdən istifadə etməmiş, əksinə boz, solğun və tünd rənglərdən ibarət palitraya üstünlük vermişdir.
Danimarkalı rəssam Vilhelm Hammerşoy çəkdiyi rəsmlərdə çox vaxt arxasını insanlara çevirmiş sirli qadın obrazını yaratmışdır. 1901-ci ildə çəkdiyi “Yerdə günəş işığı” adlı əsərində hündür pəncərə, ağ rəngli qapı və stolun arxasında dayanan sirli qadının təsvir edildiyini görürük. Biz onun üzünü və ya nə etdiyini görə bilməsək də, rəssamın bu ecazkar əl işini necə ustalıqla çəkdiyinin şahidi oluruq. Burada, təsvir olunan stolun üstündəki süfrənin qoxusunu duya və ya qadının yumşaq nəfəsini eşidə bilərik. Onun insanlarda qeyri-adi ab-hava yaradan rəsmləri 1960-cı illərin Minimalizm hərəkatını təcəssüm etdirir.
Qeyd edək ki, Hammerşoyun dünyaca məşhur olan əsərləri hərraclarda da çox baha qiymətə satılır. Məsələn, rəssamın 1907-ci ildə çəkdiyi “The Music Room, Strandgade 30” (Musiqili otaq. 30-cu sahil) adlı rəsm əsəri auksionların birində 9,1 milyon dollara satılmışdı. 2012-ci ilin iyun ayında isə onun “İda Məktub oxuyur” əsəri Londonda 1 milyon 721 min 250 funt sterlinqə hərraca çıxarılmışdı. Bu da istənilən Danimarka sənət əsəri üçün rekord qiymət hesab olunur. Onun rəsm əsərləri Parisdə “Orsey”, Nyu Yorkda “Quqgenhaym”, Tokioda “Milli Qərb İncəsənəti” və digər muzeylərdə saxlanılır.
Fidan SALMAN
XQ