2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin coşqusundan, yüksək vətənpərvərlik hissindən, xalqla dövlətin, ordunun polad birliyindən əsrlər boyu yazılacaq və yazılmalıdır da.
Zaman və tarix qarşısında Azərbaycan xalqı 30 illik işğalçılıq bayrağını utanmadan Qarabağ torpaqlarında gəzdirən erməni millətçilərinin layiq olduğu cavabı verdi. Müzəffər Ordumuz üçrəngli bayrağımızı Qarabağın bu başından o başına - bütün torpaqlarımıza qürurla sancdı. Halal haqqımız - halal Qarabağımız sahiblərini öz qoynuna aldı. Bu müharibə həm də Azərbaycan xalqının qəhrəman oğullarının hər birinin şanlı tərcümeyi-halını yazdı. Vətən, torpaq, Azərbaycan deyəndə hamı ayağa qalxdı. Hərb meydanımız, arxa cəbhəmiz düşmənin layiq olduğu cavabı verdi. Bir xalq kimi şəhidlərimizin ruhunu daima əziz tutub, onları əbədi yaşatmalıyıq. Qazilərimizi isə hər zaman hörmətlə, məhəbbətlə ən uca mərtəbədə saxlamalıyıq. Bu bizim bir xalq kimi bundan sonra da Vətən qarşısında ən müqəddəs borcumuzdur.
Vətən müharibəsində qələbəmizi tərənnüm edən əsərlər: romanlar, povestlər yazılmalı, sənədli, bədii filmlər çəkilməlidir. Tariximizin bu qürurlu səhifəsini hər kəs yaşatmaq üçün bacardığını etməlidir. Bu mənada: “Şuşaya bayraq asan cəngavər” adlı yeni bir kitab işıq üzü görmüşdür. Kitabda Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Dəstəsinin komandiri, Qarabağ Ordenli, polkovnik Rəşad Aslanovun hərbçi kimi ömür yolu, dörd il ərzində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (hazırda Heydər Əliyev adına Hərbi İnstitut adlanır) əlaçı olan və “Heydər Əliyev” təqaüdü alan Rəşad Əmirbəy oğlu Aslanovun hərb tariximizə yazdığı uğurlar epik-lirik janrda oxuculara təqdim olunmuşdur.
Görkəmli Azərbaycan şairi Səməd Vurğunun ev muzeyində kitabın təqdimat mərasimi keçirilmişdir. Tədbirdə ziyalılar, Vətən Müharibəsinin iştirakçıları, polkovnik Rəşad Aslanovun döyüş yoldaşları, bir sözlə qələbəmizdən ruhlanan vətəndaşlarımız iştirak edib, öz ürək sözlərini bu qəhrəman Vətən oğluna bildirmişlər.
Kitabın müəllifi Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Zəminə Xınalı Aslanbəylidir.
Kəmalə ABDİNOVA
XQ