AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevin təşəbbüsü ilə keçirilən maarifləndirici seminarlar gənclərin elmi və ictimai məlumatlılığının artırılması məqsədilə təşkil olunur və şəhərdəki ali məktəbləri əhatə edəcək.
Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin IV kurs tələbələri üçün təşkil olunan ilk elmi seminarda Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarovun “Heydər Əliyev Fondu və Nizami Gəncəvi irsi” mövzusunda oxuduğu mühazirə böyük maraqla qarşılanıb.
Qeyd edilib ki, Nizami Gəncəvinin əsərlərində cəmiyyətin hüzur və xöşbəxtliyi naminə bizə və bütün bəşəriyyətə ünvanlanan fəlsəfəsi müasir mürəkkəb dövrümüz üçün də bir açar olub. Ulu öndər Heydər Əliyev dahi mütəfəkkirimiz Nizaminin əsərlərinin öyrənilməsi, ölkə və dünyada təbliği məsələlərinə milli-ideoloji strategiya kimi baxıb. Vurğulanıb ki, bu mənəvi impuls onun layiqli varisi, Prezident İlham Əliyev tərəfindən davam etdirilərək millətimizin daxili gücünə yönəlib. Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın Nizami Gəncəvi irsinin öyrənilməsi, təbliği sahəsində apardığı işlər misilsizdir və bu yöndə həyata keçirilən tədbirlər hər yerdə rəğbətlə qarşılanır.
Seminar zamanı ən müxtəlif metodiki vasitələrdən, slaydlardan və digər üsullardan istifadə olunur ki, tələbələr bu vacib məsələnin mahiyyətini daha dərindən dərk edə bilsinlər.
Akademik F.Əliyev müxbirimizlə söhbət zamanı demişdir:
– Nizami Gəncəvi elə bir dühadır ki, onu əsrlər boyu təbliğ etmək, öyrənmək lazımdır. Biz gənclərimizə bunu aşımalıyıq. Bu baxımdan Heydər Əliyev Fondunun gördüyü işlər təqdirəlayiqdir. Yeri gəlmişkən, Fondun 20 illik yubileyi münasibətilə sanballı monaqrafiya hazırlayırıq.
Hamlet QASIMOV
XQ-nin bölgə müxbiri
Gəncə