Bakıda müəllif kuklalar sərgisi açılıb

post-img

Bakıdakı Rus evində rəssam və kukla ustası Fərəh Əliyevanın “Kukla” adlı müəllif kuklalar sərgisi açılıb.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərginin müəllifi qonaqlara uzun illərin əməyini - incə və zərif gözəllər, rok ifaçıları, bürclərə aid kuklalar, milli nağıl personajları, musiqiçiləri təqdim edib.

Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov, Xalq rəssamı, professor Arif Hüseynov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev sərgi haqqında təəssüratlarını bölüşüblər.

Tədbir bədii hissə ilə davam etdirilib.

Fərəh Əliyeva Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Müəllif Kuklalar Təşkilatının üzvü, beynəlxalq müsabiqə, festival və sərgilərin iştirakçısıdır. Kuklaların hazırlanması ilə 2010-cu ildən məşğuldur və əhəmiyyətli nailiyyətlər əldə edib. Rəssamın yüzdən çox əsəri Azərbaycan, Fransa, ABŞ, Gürcüstan, Rusiya və digər ölkələrdəki muzeylərdə, art-qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır.

Mədəniyyət