“Risalə” kimdən və nədən yazıb?

post-img

İyunun 10-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Risalə” elmi araşdırmalar jurnalının növbəti nömrələrinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq ədəbiyyatın müxtəlif sahələri üzrə tədqiqatların yer aldığı jurnalın yeni nəşrlərindən danışıb. Bildirib ki, 2004-cü ildən etibarən Ədəbiyyat Muzeyində işıq üzü görən “Risalə” elmi araşdırmalar jurnalı elmi-tədqiqatların nəticələrini əks etdirən, ildə 2 dəfə dərc olunan elmi-tədqiqat məcmuəsidir. Jurnal həm də dissertasiya işini müdafiə edəcək gənc alim və tədqiqatçılara kömək məqsədi daşıyır. O, toplunun filologiya və sənətşünaslıq elm sahələri üzrə Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər siyahısında olduğunu bildirib.
Akademik Rafael Hüseynov jurnalın əhatə dairəsinin daha da genişləndiyini, nəşrin redaksiya heyətinin bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşdığını diqqətə çatdırıb. Direktor gələcəkdə jurnalda ingilis dilində məqalələrin sayının artırılmasının zəruriliyini qeyd edib. Vurğulayıb ki, toplunun məqsədi tədqiqatçıların ədəbiyyat sahəsində elmi yenilikləri əks etdirən məqalələrini beynəlxalq auditoriyaya çatdırmaq və gənc alimlər arasında elmi ünsiyyətin genişləndirilməsinə yardımçı olmaqdır.
Alim bildirib ki, Ədəbiyyat Muzeyində “Risalə” elmi araşdırmalar jurnalı ilə yanaşı, “Beşlik” – “Qaynaq” mənbələr, “Şərq” tərcümə, “Xəzinə” kataloqlar və “Məclis” mərasimlər topluları da nəşr edilir. 
Təqdim edilən jurnallarda akademik Rafael Hüseynovun “Köç ədəbiyyatının Azərbaycan fenomeni: Vətəndən Vətənə mühacirətin bədii və elmi irsi” və “Nizami Gəncəvinin “Xəmsə”sində türk qatı və türk kimliyi düşüncələri”, eləcə də muzey əməkdaşlarının, elmlər doktorları, fəlsəfə doktorları, dissertasiya müdafiəsinə hazırlaşan gənc tədqiqatçıların müxtəlif mövzuları ehtiva edən elmi məqalələri yer alıb. 
Sonda tədbirdə iştirak edən məqalə müəlliflərinə “Risalə” elmi araşdırmalar jurnalının yeni nömrələri təqdim olunub.

Qabil YUSİFOĞLU 
XQ

Mədəniyyət