Parisdə Azərbaycan incəsənətinin iki istedadlı nümayəndəsi – xanım şair Ülviyyə Axundova və pianoçu Nazxanım Dadaşovanın iştirakı ilə “Soyuq suda azacıq Günəş” adlı musiqili poeziya axşamı böyük uğurla keçib.
Qeyd edək ki, müasir ədəbiyyatın və musiqi mədəniyyətinin təbliği məqsədini daşıyan tədbir “Azərbaycan–Fransa dialoqu” Assosiasiyasının və Toğrul Nərimanbəyov adına Assosiasiyanın təşkilati dəstəyi ilə baş tutub. Musiqili poeziya axşamının kuratorları qismində “Azərbaycan–Fransa dialoqu” Assosiasiyasının vitse-prezidenti Aytən Muradova və Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyova çıxış ediblər.
Yeri gəlmişkən, tədbirin proqramı elə tərtib edilib ki, müasir poeziya Qara Qarayevin, Debüssinin, Raxmaninovun, Azərbaycan, fransız və rus musiqisinin digər klassiklərinin yaradıcılığı ilə ahəngdar şəkildə təqdim olunub.
Ülviyyə Axundova şair, yazıçı, tərcüməçi, Rüstəm İbrahimbəyov adına Beynəlxalq Kino Məktəbinin rejissorluq ixtisası üzrə məzunu, mədəni layihələrin kuratoru, bir neçə şeir kitabının müəllifidir. O, həmçinin Baninin iki avtobioqrafik romanı – “Qafqaz günləri” və “Paris günləri” əsərlərini fransız dilindən rus dilinə tərcümə edib.
Nazxanım Dadaşova isə pianoçu, Mərkəzi Musiqi Məktəbinin və Moskva Konservatoriyasının məzunu, bir çox beynəlxalq müsabiqə və festivalların, o cümlədən 2012 və 2014-cü illərdə Parisdə keçirilən Rubinşteyn Beynəlxalq Musiqi Müsabiqəsinin qalibidir. O, musiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Prezident təqaüdünə layiq görülüb.
XQ