Şair ömrünün “Zəng”i və zənginliyi

post-img

Ağacəfər Həsənli – 70

Onun yaradıcılığı bütöv bir Vətən nəğməsidir. Şimalından qədim İtil – Volqa, cə­nubundan Kür–Araz və Rvarud çayları axıb Xəzərə tökülür və Azərbaycanın po­eziya nəhrini daha da dolğunlaşdırır. Artıq 50 ildir ki, Ağacəfər Həsənlinin ilham çayları çağlamaqda, oxucunu dalğa-dalğa heyrətləndirməkdədir.

Ötən əsrin 70-ci illərinin sonunda, “Azərbaycan” jurnalında gənclərə “yaşıl işıq” yandırılan vaxtdan tanıyıram onu. Həmin dərginin bir nömrəsində görkəm­li yazıçımız Seyran Səxavətin rəhbər­lik etdiyi ədəbi dərnək üzvlərinin poetik nümunələrinə gen-bol yer ayrılmışdı və rubrika məhz Ağacəfərin şeirləri ilə açı­lırdı. Əl-əl gəzən həmin “Azəbaycan”ın səhifələrindən başlanan tanışlığımız son­radan əyaniləşdi və bugünə qədər davam edir. İndi artıq 70 yaşı olan şair dostumun dünənki yubiley məclisində özümə otur­mağa yer tapmadığımı da indi sevinə-se­vinə qeyd edirəm. Ağacəfərin şəxsiyyət və şair kimi heyranlarının sayı elə çoxdur ki, vaxt tapıb yubiley mərasiminə gələnlə­rin yarısı AYB-nin Natəvan klubuna güclə sığışmışdı. 

Müqəddəs ruhların behişt yeridir,

Ocaq Azərbaycan, pir Azərbaycan.

Harda baş ucaldan övladı varsa,

Orda bərqərardır bir Azərbaycan.

Ağacəfər Həsənli özü baş ucaldan Vətən övladı olduğuna görədir ki, məcli­sində bu boyda qələbəlik yaranıb.

Tam bitkin, yetkin şair olan Ağacəfə­rin təbiətlə bağlı çoxlu gözəl şeirləri var. Özü demişkən, “tələbə bileti”nə aldanıb, açıq təbiət muzeyi olan yurd-yuvasından çıxaraq Bakıya gəlsə də, ürəyi elə oralar­dadır. AYB-dəki məclisində Xalq yazıçısı Anar, Xalq şairi Sabir Rüstəmxanlı, aka­demik Rafael Hüseynov, Milli Məclisin deputatı Musa Qasımlı, şair və yazıçılar İlqar Fəhmi, Vaqif Bəhmənli, Hüseynba­la Mirələmov, Səlim Babullaoğlu, İslam Qəribli, Xeyrəddin Qoca və başqaları onun yaradıcılıq məziyyətlərindən da­nışanda təbiət mövzusuna yaxınlığını məxsusi qeyd etdilər. İlk dərnək rəhbəri Seyran Səxavət isə xatırlatdı ki, ruhən təbiətə çox yaxın olduğuna görə, dostları onun adı və soyadının ilk hərflərini calaq edərək şairi “Ağac” da adlandırıblar. Nə yaxşı ki, bu ağac barı, bəhrəsi ilə canlı bir təbiət abidəsi timsallıdır. Təsadüfi deyil ki, Ağacəfərin şeir toplularının biri “O ağacın kölgəsi”, biri də “Ağac kitabxanalar” ad­lanır.

...Şəxsi kitabxanamda onun da əsər­ləri var. Amma, nədənsə, 1997-ci ildə çıxmış “Ürəyim döyünür, qapım döyülür” kitabını daha çox sevir, vaxtaşırı oxuyub zövq alıram. Onu da deyim ki, orta mək­təbdə ədəbiyyat müəllimim olmuş, sonra­lar “Azərbaycan” jurnalında baş redaktor müavini kimi çalışmış Nadir Cabbarlı Ağacəfər Həsənlinin sağlam bir ağac kimi poetik boyartımına şahidliyini sanballı şə­kildə qələmə almışdı: “Vaxtilə başı qarlı Zuvand dağlarının kövrək xatirələrinə, zümrüd rəngli Lerik meşələrinin göynər xiffətinə bələnmiş, dəli-dolu gəncliyin izti­rabları ilə dolub-daşan Ağacəfərin şeirinin bu kitabın (“Ürəyim döyünür, qapım dö­yülür”-V.Y.) səhifələrində dünya kədərinə, “qəmi-aləmə” inadkar həssaslığı ilə qəfil qarşılaşsam da, açığını deyim ki, bu gö­rüşə heyrətlənmədim. Çünki bu şeirlər, bir küll halında sübut edir ki, həmən həssas­lıq intiutiv və spontan həssaslıq deyildir. Onda hər hansı bir ədəbi dəbin əlamət və izlərini axtarmaq da əbəsdir. Dünya kə­dərinə, aləm qəminə dəruni canatma, hər şeydən əvvəl, bu şeirlərin stixiyasından irəli gəlir, gerçəkliyə bədii nüfuzun mahiy­yətini əks etdirir”.

Elə məclisdə də deyildiyi kimi, “dərd əlindən dağa çıxan” mənəvi babası Məhəmməd Füzulini gözəl bilən, əruzu heyrətamiz bir tərzdə anladan Ağacəfər yazılarında dərd dağını yaylağa çevirə bilən bir qələm sahibidir. 

Təsadüfə baxın ki, bu il onun çox sevdiyi Məhəmməd Füzulinin 530 illiyini qeyd edirik. Dünən Mikayıl Müşfiqin do­ğum günü idi, eyni zamanda, Vaqif Səmə­doğlunun 85 yaşı tamam oldu. Bu gün isə həm də Aleksandr Puşkin 225 yaşına çatıb. Belə bir poetik ab-havada Bakıda, AYB-nin Natəvan klubunda şeirsevərlərin Ağacəfər Həsənlinin başına toplaşmasın­da, bəlkə də, bir qanunauyğunluq var. 

Sonda qeyd edim ki, günümüzün sa­yılıb-seçilən şairinin yenicə çapdan çıx­mış “Zəng” kitabının məclis iştirakçıları­na poeziya adına ərməğan olunması da fərəhləndirici hadisədir. 

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət