İslam Əməkdaşlıq Təşkilatının turizm sahəsinə sədrlik Azərbaycandan Özbəkistana keçib

post-img

2024-cü ildə “İslam ölkələrinin turizm paytaxtı” olan Özbəkistanın qədim Xivə şəhərində İslam Əməkdaşlıq  Təşkilatının (İƏT) üzvü olan ölkələrin turizm nazirlərinin “Xivə 2024-cü ildə İslam dünyasının tuzizm şəhəridir” şüarı ilə XII sessiyası keçirilib. 

Tədbirə təşkilata üzv dövlətlər-Türkiyə, Misir, Malayziya, Seneqal, Türkmənistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Banqladeş, Livan və digər dövlətlərin turizm nazirləri və ya səlahiyyətli nümayəndələri qatılıb. 

Sessiyada İƏT-in Baş katibi Hüseyn İbrahim Toxa, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xusrav Naziri, Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişkənliyi naziri Əziz Abduxakimov və digər rəsmi şəxslər iştirak edib. Ümumiyyətlə tədbirdə 56 ölkə, 14 beynəlxalq təşkilat təmsil olunub. 

Xatırladırıq ki, son iki ildə İslam Əməkdaşlıq Təşkilatının turizm sahəsinə Azərbaycan sədrlik edib.  

Sessiyanı təşkilatın turizm sahəsinin sədri , Azərbaycan Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə açıb. 

K.Quluzadə Azərbaycanın sədrliyi dövründə görülən işlər haqqında məlumat verib, bu sahədə həyata keçirilən yeniliklərdən danışııb. O, son iki ildə görülən işlərə dəstək olduqlarına görə İslam ölkələrinə minnətdarlıq edib. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi haqqında məlumat verən K.Quluzadə bu tədbirin böyük bir tarixi hadisə olduğunu söyləyərək İƏT-in üzvü olan dövlətlərin nümayəndələrini bu tədbirə dəvət edib.  

K.Quluzadə Azərbaycanın işğaldan azad edilən əraziləri haqqında da söhbət açıb, bu regionda turizmin və islam irsinin bərpası haqqında məlumat verib, bu ərazilərdə aparılan tikinti-yenidənqurma işlərindən danışıb. 

Sonra K.Quluzadə İslam Əməkdaşlıq Təşkilatının turizm sahəsinə sədrliyi Özbəkistana təhvil verib. Beləliklə Özbəkistan büronun sədri, Qətər, Fələstin və Seneqal büronun müavin ölkələri seçilib. Azərbaycan da büroda təmsil olunur. 

Əziz Abduxakimov  turizm sahəsində Özbəkistanda həyata keçirilən layihələr haqqında məlumat verib, ölkənin sədrliyi dövründə görüləcək işlərdən danışıb. O deyib ki, ötən il xarici dövlətlərdən Özbəkistana 7 milyon turist gəlib. Bu gün ölkədə turizm sahəsində 370 min adam çalışır. 

İƏT-in Baş katibi Hüseyn İbrahim Toxa sessiyanın yüksək səviyyədə təşkili üçün Özbəkistan Prezidenti Şavkat Mirziyayevə təşəkkürünü bildirib, üzv ölkələr arasında iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlıqdan danışıb, bu ölkələr arasında ziyarət turizmi imkanlarının daha da genişləndirilməsi və qabaqcıl təcrübənin yayılması məsələlərini diqqətə çatdırıb. 

Sessiyada çıxış edən iştirakçılar əmin olduqlarını bildiriblər ki, Özbəkistanın sədrliyi dövründə təşkilatın üzvü olan ölkələr arasında turizmin inkişafı istiqamətində yeni təşəbbüslər irəli sürüləcək və dayanıqlı turizm, ağıllı turizm, ziyarət rurizmi, turizm loqistikası və digər istiqamətlərdə yeni layihələr həyata keçiriləcək. Tədbirdə bu ölkələr arasında turizm əlaqələrinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Xatırladırıq ki, 2022-ci ildə İslam Əməkdaşlıq Təşkilatı turizm nazirlərinin Bakıda keçirilən XI iclasında 2500 yaşı olan qədim Xivə şəhəri 2024-cü ildə “İslam ölkələrinin turizm paytaxtı” elan edilmişdi. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Xivə 





Mədəniyyət