Daşkənddə keçirilən konfransa Azərbaycan alimi də qatılıb

post-img

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində “İngilis dilinin tədrisi zamanı beynəlxalq standartlar və qiymətləndirmə vasitələri” mövzsunda beynəlxalq elmi-praktik konfrans keçirilib. 

Tədbiri Universitetin prorektoru, professor Firuzə İkromhanova açaraq iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb.

Konfransda iştirak edən Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin “Azərbaycan dilinin tədrisi və təbliği” layihəsi çərçivasində Daşkənd universitetlərində Azərbaycan dilini tədris edən filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva “Azərbaycan dilinin tədrisinin Azərbaycan – Özbəkistan mədəniyyətlərarası əlaqələrin inkişafında rolu və yeri” mövzusunda çıxış edib. O öz çıxışında mədəniyyətlərarası əlaqələrin inkişafında dilin tədrisinin rolunu xüsusi qeyd edib. Deyilib ki,tələbəyə dilin qaydaları ilə yanaşı, həmin dilin mənsub olduğu ölkənin adət-ənənələrini, tarixini, mədəniyyətini də aşılamaq lazımdır .

Mətanət Xuddiyeva həmçinin Azərbaycanın bir sıra qabaqcıl ali təhsil müəssisələri ilə Özbəkistan ali müəssisələri arasındakı əməkdaşlıq barədə məlumat verib, həmin ali təhsil müəssisələrində beynəlxalq səviyyəli konfrans və simpoziumların keçirilməsindən və elmi seminarlarda, ustad dərslərində dilin tədrisi zamanı qarşıya çıxan problemlərin həlli yollarının müzakirəsindən bəhs edib. O, Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Daşkənd universitetlərində elan etdiyi müsabiqə və bu müsabiqədə onun Azərbaycan dilini tədris etdiyi universitetlərin tələbələrinin xüsusi aktivlik göstərdiyi barədə də məlumat verib. 

Konfransda iştirak edən digər çıxışçılar da təhsil müəssisələrində xarici dilin yüksək səviyyədə tədrisi üsulları, düzgün aparılan pedaqoji təcrübələr, təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi barədə fikir mübadiləsi aparıblar. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd





Mədəniyyət