Özbəkistanda Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılıq gecəsi keçirilib

post-img

“Qərbi Azərbaycana qayıdış” ikinci Türk Dünyası Sammitində iştirak etmək üçün Daşkənddə olan Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılıq gecəsi keçirilib. 

Tədbirdə “Qərbi Azərbaycana qayıdış” ikinci Türk Dünyası Sammitinə Azərbaycandan gələn qonaqlar, ölkəmizin Özbəkistandakı səfirliyinin əməkdaşları, Azərbaycan, Türkiyə, Qırğızıstan, Şimali Kipr Türk Cumhuriyyətinin elm və mədəniyyət xadimləri, Sabir Rüstəmxanlının dostları, şair və yazıçılar, diasporumuzun üzvləri, jurnalistlər iştirak edib. 

Görüşü “İpək yolu” Strateji Araşdırmalar Vəqfi İdarə heyətinin sədri Seyfulla Türksoy açaraq Sabir Rüstəmxanlının yaradıcılığından danışıb, onun türk dünyasında tanınan şair olduğunu bildirib, əsərlərinin demək olar ki, bütün türk dünyasında çap olunduğunu vurğulayıb. 

Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev Sabir Rüstəmxanlının Milli Məclisdəki fəaliyyəti haqqında söhbət açıb, parlamentin aktiv deputatlarından biri olduğunu bildirib, şair kimi əsərlərindən danışıb. 

"Yeni Müsavat" Media Qrupunun pəhbəri Rauf Arifoğlu Sabir Rüstəmxanlını tanınmış ictimai-siyasi xadim, türkçülük, azərbaycançılıq ideyasının ardıcılı kimi təhlil edib. 

Bakı Slavyan Universitetinin professoru Etibar Babayev Sabir Rüstəmxanlının yaxşı şair olmaqla yamaşı qayğıkeş bir dost olduğunu da diqqətə çatdırıb, vaxtilə “Ədəbiyyat və incəsənət“ qəzetində atası Adil Babayevlə birlikdə çalışdığını  qeyd edib.

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Döctluq qrupunun həmsədri Şamil Ayrım Sabir Rüstəmxanlı ilə dostluğundan danışıb, onun istər poeziyası, istər də nəsr əsərlərinin məziyyətləri haqqında söhbət açıb. 

Sabir Rüstəmxanlının dostu, Özbəkistan Dünya Dilləri Universitetinin dosenti, şair-tərcüməçi Tahir Qəhhar Azərbaycanın klassik və müasir şairlərinin, o cümlədən Sabir Rüstəmxanlının şeirlərinin özbək dilinə tərcüməsi haqqında söhbət açıb, şairin əsərlərini özbək dilində səsləndirib.   

Özbəkistan Mədəniyyət Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsi sədrinin müavini Azamat Toşev, Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini Səlim Aşur Sabir Rüstəmxanlının əsərlərinin Özbəkistanda sevildiyini, kitablarının dəfələrlə çap olunduğunu bildiriblər. Səlim Aşur deyib ki, Daşkənddə çap edilən “Türk ədəbiyyatı inciləri” 100 cildliyində Sabir Rüstəmxanlının da əsərləri yer alıb.  

Sonra Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı ailə həyatı ilə bağlı maraqlı əhvalatlar danışıb. 

Tədbirin sonunda Sabir Rüstəmxanlıya və Tənzilə xanıma özbək milli geyimi-çapan və digər hədiyyələr bağışlanıb. 

Sabir Rüstəmxanlı yaradıcılıq gecəsinə toplaşanlara minnətdarlıq edib, yeni şeirlərini oxuyub. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd   







Mədəniyyət