Xalqımızın etnoqrafiyası Özbəkistan festivalında

post-img

Özbəkistanda keçirilən “Xalqların adət-ənənələri və mətbəxi” adlı beynəlxalq festivalda Azərbaycan geniş təqdimatla çıxış edib. Ölkəmizi tədbirdə Özbəkis­tandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Etnoqrafik festivalda Türkiyə, Qa­zaxıstan, Əlcəzair, Rusiya, İran, Belarus, Banqladeş, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Hindistan, Pakistan, Tacikistan iştirak edib. Hər ölkə milli ekspozosiya­sında və çıxışlarda öz mədəniyyətini, mahnı və rəqslərini, mətbəx nümunələrini nümayiş etdirib.

Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əli­yevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dil­lərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti, milli mətbəxi ilə bağlı çap məhsulları yer alıb. Festivalda Azərbaycan mədəniyyətinə dair suvenir­lər, Qarabağın milli kişi və qadın geyimləri iştirakçıların diqqətini cəlb edib.

Azərbaycan pavilyonuna gələnlərə ölkəmizin mədəniyyətinə, mətbəxinə dair müxtəlif məzmunlu kitab və jurnallar hə­diyyə olunub. Qonaqlar plov, dolma, qu­tab, dovğa və şirniyyatlarımızı həvəslə alıblar. Festival çərçivəsində təşkil edilən konsertdə AMM-in rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər. Fəal iştiraka və zənginliyinə görə Azərbaycan stendi xüsusi diploma layiq görülüb.

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd



Mədəniyyət