Məhəmməd Füzulinin 530 illik yubileyi Kürdəmirdə qeyd olunub

post-img

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı tərəfindən Kürdəmir Peşə Liseyində Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan ədəbi-bədii tədbiri keçirilib.

Tədbir görkəmli bəstəkar Cahangir Cahangirovun  bəstələdiyi “Füzuli kantatası”nın sədaları ilə başladı.

Muzeyin Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək dövrünün bir sıra ictimai və fəlsəfi məsələlərini peşəkarlıqla öz əsərlərində əks etdirən, Yaxın Şərq xalqlarının bədii idrakının zirvəsi olan, XVI əsr ədəbiyyatının möhtəşəm abidələrini yaradan Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat verdi.

Sonra Peşə liseyinin direktoru Nurlan Abdullayev çıxış edərək dahi şairin yubileyinin liseyin tələbələrinin iştirakı ilə keçirilməsinin gənclərin milli-mənəvi sərvətlərimizə, klassik irsimizə olan marağının artırılması baxımından önəmini qeyd etdi.

Tədbirdə yazıçı-publisist Əlisəfa Azayev Məhəmməd Füzulinin aforizmlərindən bəhs etdi. 

Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, Məhəmməd Füzulinin mükəmməl yaradıcılığı ilə dahilik zirvəsinə yüksəldiyini, Azərbaycan və Türk dünyasının ədəbi-bədii fikir tarixini zənginləşdirdiyini və onun irsinin dövlət başçısının sərəncamı işığında yenidən tədqiq olunaraq gələcək nəsillərə çatdırılacağını vurğuladı. 

Sonda Peşə liseyinin tələbələri Füzuli yaradıcılığından nümunələr səsləndirdilər. Tədbirin musiqili qonaqları ustad xanəndə Səfalı Əliyev, tarzən Adil Rəhimovun müşaiyyəti ilə şairin qəzəlləri əsasında muğam parçaları ifa edildi. 

Qabil YUSİFOĞLU

XQ





Mədəniyyət