Özbəkistanda keçirilən “Ləzgi” rəqs festivalında Azərbaycan da təmsil olunub

post-img

Özbəkistanın qədim Xivə şəhərindəki məşhur “İçan-Kala” kompleksinin Köhnə Ark meydanında ikinci beynəlxalq “Ləzgi” rəqs festivalının təntənəli açılış mərasimi keçirilib.

Tədbirə Özbəkistandan başqa Amerika Birləşmiş Ştatları, Türkiyə, İran, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Hindistan, Misir, Tacikistan, Yaponiya, Braziliya, Bolqarıstan və digər ölkələrdən gələn 200-dən artıq rəqqas, musiqiçi və musiqi nəzəriyyəçisi qatılıb. Ümumiyyətlə tədbirdə 30-dan çox ölkənin musiqiçiləri iştirak edir. 

Musiqi bayramında ölkəmizi Xalq artisti Rüfət Xəlilzadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Rəqs Ansamblı təmsil edir. 

Xarəzm vilayətinin hakimi Curabek Rəhimov festivalı açaraq qədim Xarəzm torpağında ikinci dəfə keçirilən beynəlxalq “Ləzgi” rəqs festivalının iştirakçılarını və qonaqları salamlayıb, onlara bu sənətin inkişafında uğurlar arzulayıb. 

Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov öz çıxışında rəqsin tarixi və fəlsəfəsi haqqında danışıb, bildirib ki, 3 min illik tarixi olan “Ləzgi” Xarəzm rəqsini 2019-cu ildə UNESCO qeyri-maddi irs siyahısına daxil edib.

TÜRKSOY-un Baş katibi Sultan Rayev öz çıxışında “Ləzgi” Xarəzm rəqsinə olan beynəlxalq maraqdan danışıb, qeyd edib ki, bu rəqsin qorunması və inkişafı xalqlar arasında dostluğun, qardaşlığın möhkəmlənməsinə xidmət edəcək, mədəni sahədə əlaqələrin daha da dərinləşməsinə zəmin yaradacaq. Baş katib üçüncü beynəlxalq “Ləzgi” rəqs festivalının Türkiyədə keçirilməsi təşəbbüsü ilə çıxış edib. Təklif alqışlarla qarşılanıb.

Tədbir çərçivəsində bir neçə gün ərzində rəqs sənətinə həsr olunan sərgilər, milli geyimlərin, xalq tətbiqi sənət nümunələrinin nümayişi, kitab yarmarkası və digər tədbirlər keçiriləcək.

Festival aprelin 30-dək davam edəcək.

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Xivə

 



Mədəniyyət