”Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2024-cü il tarixli Sərəncamına uyğun olaraq Gəncədə maraqlı bir tədbir keçirilib.
Dahi şairin adını daşıyan 22 nömrəli tam orta məktəbdə təşkil olunan “Füzuli dühası” adlı ədəbi-bədii gecədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə qonaqlar Gəncə Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri tərəfindən hazırlanan rəsm sərgisinə baxıblar.
Daha sonra şairin həyat və yaradıcılığından söhbət açılıb və bildirilib ki, Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi həkk olunub. Füzulinin iri həcmli əsərləri ilə yanaşı qəzəlləri də söz sənətimizin ölməz abidələridir.
Ədəbi-bədii gecədə 22 nömrəli tam orta məktəbin şagirdləri dahi şairin sözlərinə yazılmış “Vətənimdir”, “Füzuli kantatası” əsərlərini ifa ediblər. M.Füzulinin nakam məhəbbət dastanı olan “Leyli və Məcnun” poemasından “Ananın Leyliyə nəsihəti” səhnəsi, həmçinin müxtəlif rəqslər tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə