Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

post-img

Qobustan qoruğunun direktoru: Belə tədbirlər qədim abidələrimizin dünyada təbliğinə geniş fürsət yaradır

Tarixin daş yaddaşı hesab olunan Qobustan qoruğunda bu gün əsl çal-çağır vardı. Qədim insan məskəni çağdaş dünyanın adamları üçün xüsusi olaraq bəzədilmişdi. Yazın qəlb oxşayan ilıq nəfəsi hər kəsin üzünü yelpikləyərək xoş duyğular oyadırdı. Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Qobustan Milli Tarix-Bədii Qoruğuna xeyli yerli və xarici turist üz tutmuşdu. Tarixin sirdaşı olan bu qədim insan məskəni ziyarətçilərinə sanki hər daşı, qayası ilə özü bələdçilik edir, tarixin ən qədim dövrlərindən söz deyir, söhbət açırdı...

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə hazırlanmış ədəbi-bədii proqram isə hər kəsin xoş istirahəti üçün yaxşı fürsət yaratmışdı. Proqrama uyğun olaraq rəqs edən də vardı, oxuyan da, rəsm çəkən də, öz əl işlərini qonaqlara təklif edən də. Bir sözlə, qoruqda əsl bayram ab-havası hökm sürürdü.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlara 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü barədə məlumat verilib. Bildirilib ki, aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis edilib. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Qeyd edilib ki, bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il Mədəniyyət Nazirliyinin dəstəyi ilə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir. Qobustan Milli Tarix-Bədii Qoruğunda təşkil olunan bu ədəbi-bədii proqram da həmin silsilə tədbirlərdən biridir.

Bu gün qoruqda abidələrin qorunması, öyrənilməsi və təbliği istiqamətində mühüm işlərin həyata keçirildiyini bildirən Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib: “Biz son illər bu beynəlxalq təbiri böyük qürur və iftixar hissi ilə qeyd edirik. Ona görə ki, artıq cənnət Qarabağımız düşmən tapdağından azad olunub. Bu, bizə imkan verir ki, uzun illər erməni vandalları tərəfindən dağıdılmış, talan edilmiş tarixi abidələrimizi yenidən bərpa edək və onları gələcək nəsillərə ötürək. Bizim qoruğun da əsas fəaliyyət istiqamətində tarixi abidələrimizin saxlanılması və gələcək nəsillərə ötürməsi dayanır. Düşünürəm ki, belə tədbirlər bizə tariximizin bir parçası olan qədim abidələrimizin dünyada geniş şəkildə təbliğ olunması baxımından geniş fürsət yaradır”.

Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin özfəaliyyət kollektivinin, Azərbaycan Dövlət Kukla Teatrının aktyorlarının, Fikrət Əmirov adına 6 nömrəli on birillik incəsənət məktəbinin rəqs qrupunun çıxışları tədbirə xüsusi ovqat qatmışdı.

Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin şagirdlərinin 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq çəkdikləri rəsm əsərlərində də bir daha ətraf mühitin qorunması və Azərbaycanın əsrarəngiz təbiət mənzərələri öz əksini tapmışdı.

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi əməkdaşlarının əl işlərindən ibarət sərgi-yarmarka isə həm qonaqların, həm də tədbirə qatılanların xüsusi marağına səbəb olmuşdu.

Hindistanlı turist Stefan Naaqara da bu mənzərəyə heyranlıqla tamaşa edənlər sırasında idi. O, təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb:

“Bura həqiqətən çox gözəldir. Xüsusən də bu yerlərdə insanların birliyi çox möhtəşəmdir. Hər şey çox gözəl, maraqlı təşkil olunub. Qobustan qayaları olduqca qədim və əzəmətlidir. Burada olmağımdan çox məmnunam. Azərbaycan xalqı çox mehriban və yardımsevərdir”.

Çinli turist Mr Kevin də Qobustanda olmasından məmnunluğunu ifadə edib. O, artıq bir neçə gündür Azərbaycandadır: “Qobustanda hər yer sanki uzaq tarixdən nələrsə danışır. Bu qədim məkan barədə məlumatım olmasına baxmayaraq, gördüklərim daha möhtəşəmdi. Düşünürəm ki, mən dünyanın ən qədim insan məskənlərindən birindəyəm. Bu, olduqca xoşuma gəldi”.

Qeyd edək ki, Qobustan qayaüstü təsvirləri ilk dəfə 1939-cu ildə görkəmli tarixçi alim, arxeoloq, Azərbaycanın qədim dövr tədqiqatçısı İshaq Cəfərzadə tərəfindən Cingirdağ və Yazılıtəpədə aşkar olunub. Aşkar olunduğu vaxtdan dünyanın diqqətini cəlb edən Qobustan abidələri 2007-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bu, Qobustanın timsalında mədəni irsimizin dünyaya tanıdılmasında çox mühüm addım olub. Təsadüfi deyil ki, elə həmin il iyunun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən 2011-ci ildə qoruqda yeni, müasir muzey və ofis binası tikilib istifadəyə verilib. Bir müddət sonra 2019-cu ildə Mərakeşin paytaxtı Rabatda keçirilmiş İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasının yekun sənədinə əsasən, Qobustan qayaüstü rəsmləri İslam Dünyası İrsi Siyahısına daxil edilib.

Mədəniyyət