Şəkidə Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş elmi seminar keçirilib

post-img

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının və Şəki şəhər Nakam adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə” adlı elmi seminar keçirilib.

Tədbiri giriş nitqi ilə açan Şəki MKS-nin İ.Nakam adına Mərkəzi Kitabxanasının Xidmət və abonoment şöbəsinin müdiri Dilbər Yaqubova elmi seminarın müştərək təşkilinə görə Şəki REM-in rəhbərliyinə təşəkkürünü çatdırıb, tədbirin işinə uğurlar arzulayıb.

Sonra Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri Rahim Həsənov çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə xüsusi önəm verdiyini, Cümhuriyyətin qurucularını yüksək dəyərləndirdiyini qeyd edib. O, Prezident İlham Əliyevin sərəncamı ilə görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin 140 illiyinin qeyd edilməsini tariximizin əlamətdar səhifələrinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. 

Məruzəçi AXC-nin yaradılması ilə dövlətçilik ənənələrinin inkişaf etdiyini, bir çox ilklərə imza atıldığını–dövlət rəmzlərinin təsdiq olunduğunu, qadınlara seçki hüququnun verildiyini, Azərbaycan dilində təhsilin təşkil edildiyini və başqa bir çox vacib məsələləri nəzərə çatdırıb. 

Daha sonra Şəki REM-in Ədəbi-mədəni mühit folklor və etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Tural Adışirinova “Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı və Azərbaycan Xalq Cümhuriyyəti qurucularının bədii portretinin ədəbiyyatda əks olunması” mövzusunda məruzə ilə çıxış edib.

Sonda məruzəçilər Şəki Dövlət Regional Kollecin tələbələrinin çoxsaylı suallarını cavablandırıblar.

Qabil YUSİFOĞLU
 XQ

 







Mədəniyyət