Arxeoloji laboratoriya –qədim tariximizə pəncərə

post-img

AMEA Arxeologiya və Antropologiya İnstitutu Eksperimental arxeoloji laborato­riyanın rəhbəri Əjdər Babazadə Azərbaycan Elm Fondunun ümummilli lider Hey­dər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsas qrant müsabiqəsi-2023”ün qalibi olmuş “Qarabağın daş dövrünə aid alət sənayesinin texno-tipologiyasının traseoloji ve eksperimental analizləri” adlı layihəsi çərçivəsində Rusiya Federa­siyasının Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olub.

Layihənin rəhbəri Əjdər Babazadə bir neçə Avropa ölkəsi ilə bərabər traseoloji və eksperimental arxeoloji tədqiqatların ilk olaraq ortaya çıxdığı Rusiya Elmlər Akademiyasının Sankt-Peperburq şəhə­rində yerləşən Maddi-Mədəniyyət Tarixi İnsititutundakı Eksperimental-traseoloji laboratoriyada praktik və teorik təcrübə aparıb. Təcrübə proqramına sözügedən laboratoriyanın əməkdaşı N.Skakun rəh­bərlik edib. 

Təcrübə-təlim prosesi qədim əmək alətlərinin tipoloji, texnoloji və trase-oloji xüsüsiyyətinin və morfologiyasının tədqiqinə yönəlib. Paleo-ekonomiya və paleo-ekosistemi anlamaq üçün, əcdad Homininlərin prehistorik alət çantasındakı texno-tipoloji müxtəlifliyə və fərqliliyə əya­ni olaraq nəzər yetirilib. 

Ezamiyyət, proqrama uyğun olaraq institutun zəngin Paleolit materilları ilə tanışlıqla başlanılıb. Daha sonra alət industriyasının texnologiyasının öyrə­nilməsi üçün mikroskopik analizləri və eksperimental tətbiqləri həyata keçirmək məqsədilə araşdırmalar aparılıb. 

Layihə tədqiqatlarının əsas hədəfi paleolit ekonomiyasının öyrənilməsinə yönəldiyindən təcrübə proqramında eks­perimental tətbiqlərə və arxeoloji material-ların traseoloji analizlərinə üstünlük veri­lib. Arxeoloji və eksperimental materiallar üzərində mikro analizlər–traseoloji araş­dırmalar üçün mikroskoplardan istifadə edilib. Bundan başqa, eksperimental təd-qiqatların laboratoriya şəraitində tətbiqi metodu həyata keçirilib.

Ezamiyyət müddətində Əjdər Babaza­də Rusiya Elmlər Akademiyasının Mad­di-Mədəniyyət Tarixi İnstitutunun rəhbəri professor Andrey Polyakovla da görüşüb, elmi tədqiqat işlərinin perspektivlərini mü­zakirə edib. AMEA Arxeologiya və Antro­pologiya İnstitutunda son illər nəşr olunan kitablar professor Andrey Polyakova hə­diyyə olunub. 

Qabil YUSİFOĞLU
XQ

Mədəniyyət