Özbəkistanın Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun dəstəyi ilə Azərbaycanda ilk dəfə “Lazgi. Qəlb və sevginin rəqsi” adlı balet tamaşasının təqdimatı olub.
Məşhur balet tamaşası iki gün – martın 16-da və 17-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində təqdim edilib.
Tamaşanı Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva, mədəniyyət naziri Adil Kərimli, Prezident Adminis-trasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları və digər qonaqlar izləyiblər.
Məşhur alman xoreoqrafı və baletmeysteri Raul Raymondo Rebekin quruluş verdiyi əsər UNESCO tərəfindən bəşəriyyətin Qeyri-maddi mədəni irs siyahısına daxil edilən qədim xalq rəqsi Lazgiyə (Ləzgi) həsr olunub.
Tamaşadan əvvəl Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev jurnalistlərə açıqlamasında Azərbaycanla Özbəkistan arasında mədəni münasibətlərin son vaxtlar ən yüksək səviyyədə inkişaf etdiyini bildirib.
Xarəzm vilayətinin Dövlət Filarmoniyasının rəqqasəsi Gülnaz Artıkova tamaşa üzərində artıq 4 ildir ki, çalışdıqlarını söyləyib. O, Dubay, Moskva, Sankt-Peterburq şəhərlərində, həmçinin Almaniya, Türkiyə və bir çox ölkələrdə çıxış etdiklərini bildirib.
Sonra “Lazgi. Qəlb və sevginin rəqsi” baleti tamaşası təqdim edilib.
Süjet min illər əvvəl Böyük İpək Yolu ilə Orta Asiyadan keçən karvan dövründən başlayır. Səhranın hərarətində şamanların nəğmələri altında "Sevgi" oyanır və ölümsüz "Qəlb" öz əbədi rəqsinə başlayır. Bu, keçmişdən gələcəyə fantastik səyahət, çoxəsrlik ənənələri və xalq xüsusiyyətlərini təcəssüm etdirən qəlbin və əsrlər boyu onu izləyən sevginin hekayəsidir.
Xalq müdrikliyini təcəssüm etdirən və bir çox sirlərlə əhatə olunan Xarəzm rəqsinin tarixi üç min il əvvələ aiddir.
Baletin musiqisi bəstəkar Devidson Cakonello tərəfindən yazılıb, dünya şöhrətli yapon multimedia rəssamı Yoko Seyama heyrətamiz dekorlar və işıq effektləri yaradıb.
Librettonun müəllifi və xoreoqrafı məşhur alman rəqqası, Dortmund baletinin baletmeysteri və “NRV Junior” baletinin bədii rəhbəri Raul Raymondo Rebekdir. O, bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Uilyam Forsayt və İrji Kiliandan Moris Bejara qədər, Rudolf Nureyevdən Rolan Petiyədək dünya səhnəsinin bir çox ulduzları ilə işləyib. Baletmeyster və xoreoqraf kimi Almaniya, Avstriya, İsveçrə, Monako, ABŞ, Kanada, Yaponiya və Honkonqdan olan kollektivlərlə əməkdaşlıq edib. Beləliklə, onun quruluş verdiyi əsərlər Astana, Berlin, Dortmund, Karlsrue, Münxen, Nyu-York, Seul və Ştutqart teatrlarının repertuarlarını bəzəyib.