“Sizi kim unudar...”

post-img

Hörmətli oxucu, bu sərlövhə Əməkdar jurnalist İlqar Rüstəmovun Qarabağ müharibəsinin 12 şəhidi, 1 qazisi və 1 həkimi barədə bu yaxınlarda çapdan çıxmış yeni kitabının adından götürülüb. 

Buradakı hekayətlər doğma torpağı­nın namus və qeyrətini bayraq kimi ba­şının üzərinə qaldıraraq, Vətən yolunda ölümün gözünə dik baxmağı bacaranlar barədədir. 

Bu igidlərin sayı bir deyil, iki deyil, beş deyil, yüzlərlə, minlərlədir. Onlar bu yur­dun qeyrət və namus qalalarıdır. Məğrur, uca çinarlar kimi bu məmləkətə qürur və şərəf gətirirlər.

Kitabda, əsasən, 44 günlük savaş­da qeyri-adi şücaətlər göstərən Lerik və qonşu rayonlardan olan şəhidlərdən bəhs edilir. Onlar bu gün Həzi Aslanovla­rın, Mübariz İbrahimovların, Polad Həşi­movların və digər əfsanəvi qəhrəmanla­rın davamçılarıdır! 

Şəhidlərdən yazmaq, yüksək məqamlarına ən layiqli düşüncələri dilə gətirmək hər qələm əhlinin gücü çatan iş deyil. Bunun üçün içdən gələn sonsuz bir sevgi və yanğı lazımdır. Bu kitab məhz bu sevgi ilə bələnib! 

Buradakı oçerklərin, demək olar ki, hər biri son 3 ildə “Xalq qəzeti”ndə dərc olunaraq ev-ev, şəhər-şəhər, bölgə-bölgə bütün Azərbaycanı dolaşıb. Oxucular bu yazıları hər dəfə oxuyub şəhidlərin hünər və qeyrətinə heyran qalıblar, ruhlarına dualar oxuyublar. 

Mən həmkarım İlqar Rüstəmovla eyni redaksiyada qonşu və iç-içə olan otaqlar­da çalışıram, gün ərzində dəfələrlə yara­dıcılıq ünsiyyətində olur, fikir mübadiləsi edirəm. O, sözü və əməlləri ilə bu xalqa, dövlətə, dövlətçiliyə xidmət edən qələm sahiblərindədir. 

Bəli, böyük sevgidən qaynaqlanan hər bir ülvi duyğu pak və gözəl olur. Dü­şünürəm ki, “Sizi kim unudar...” kitabını oxuyanlar razı qalaraq deyəcəklər: “La­yiqli əsərdir. Şəhidlərdən, bax, belə yaz­maq lazımdır!” 

Məsaim ABDULLAYEV
XQ

Mədəniyyət