Sənət Qarabağı unutmur

post-img

Milli Məclisin Mədəniyyət komitəsinin dəstəyi, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi və “Gözəl yaşam” Mərkəzinin təşkilatçılığı ilə “Hiton” oteldə “Sənət unutmur” sərgisi açılıb. 

Mərasimdə qeyri-ənənəvi tətbiqi sənət növü – “Strinq art” ustası Minarə Mehdinin mərhum deputat Qənirə Pa­şayevanın istəyi ilə yaratdığı, Şuşada doğulmuş sənət xadimlərinin portretləri və digər əsərləri nümayiş etdirildi. Təq­dimatın təşkilatçısı Arzu Bağırova ölkədə qeyri-hökumət təşkilatları üçün yaradılan şəraitdən söz açdı, rəhbərlik etdiyi ictimai birliyin vətəndaş cəmiyyətinin güclənmə­sinə töhfəsindən, bölgələrdə gördüyü işlərdən danışdı. 

O, təşkilatın 6 il öncə məhz Qənirə Paşayevanın xeyir-duası ilə fəaliyyətə başladğını bildirdi. Qeyd etdi ki, Minarə Mehdi ilə ötən il Milli Məclisin Mədəniyyət komitəsində görüşmüşdük. Qənirə xanım ona belə bir ideya vermişdi ki, Qarabağın ünlü dahi şəxsiyyətlərini tabloya çəksin. Sənətdə fərqli yanaşma – yalnız mismar və saplarla bu rəsmləri hazırlamaq ağır zəhmət tələb edir. Qərara aldıq ki, bu sər­gi keçirilməlidir. Həm Qənirə xanımın do­ğum gününə “Ruhu şad olsun!”– hədiy­yəsi kimi, həm də onun Minarə xanıma verdiyi sözü yerinə yetirdik. 

Milli Məclisin deputatları Arzu Nağı­yev, Jalə Əliyeva, Aydın Hüseynov, Cey­hun Məmmədov, Məşhur Məmmədov, Mətbuat Şurasının sədri Rəşad Məcid sərginin keçirilməsini mərhum deputata vəfa borcu kimi dəyərləndirdilər, rəssa­mın orijinal yaradıcılığından söz açdılar. 

Mərasimin aparıcısı, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı bildirdi ki, Qənirə xanım deyirdi ki, bu əsərlər Qarabağdakı muzeylərə, mədəniyyət müəssisələrinə təqdim olu­nacaq. 

Mərasimdə iştirak edən digər deputat­lar Anar İsgəndərov, İlham Məmmədov, Tamam Cəfərova, Pərvin Kərimzadə, Vüqar İsgəndərov, şəhid ailələrinin üzv­ləri, sənət adamları çıxış edərək Qənirə Paşayevanın qısa, lakin mənalı ömür yo­lundan, ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb, xatirələrini bölüşdülər. 

Xalq artisti Simarə İmanovanın oxu­duğu “Şirin dəmlər, şirin çağlar bir-bir gə­lib düşər yada. Ürək deyər ayrılığın üzü dönsün bu dünyada”– ifası zalda duyğulu anlar yaşatdı.

Rəssam Minarə Mehdi təqdimatın təşkilatçılarına və qonaqlara minnətdar­lıq etdi.

Zərifə BƏŞİRQIZI
XQ

Mədəniyyət