Müzəffər “Qarabağ” – məğlubedilməz “Bayer”

post-img

Bu gün daha böyük sınaq günüdür. Bakı, bütün Azərbaycan, “Qa­rabağ”ı öz komandası bilən qardaş Türkiyə UEFA Avropa Liqası turnirində tarix yazmaqda davam edən səmimi və mübariz Ağdam kollektivinin Almaniyanın Leverkuzen şəhərinin “Bayer” klubu ilə səkkizdəbir final görüşünü səbirsizliklə gözləyir. Həm də qürurla, ümidlə. Hərçənd rəqib Avroliqa yolunda qarşımıza çıxan ən zəhm­li klubdur. Bundesliqa, Almaniya kuboku və beynəlxalq meydanda ardıcıl 34 oyunda bir dəfə də uduzmayan “Bayer” və onun ispan baş məşqçisi Xabi Alonso dünyanın diqqət mərkəzindədir.

Elə pley-offda Portuqaliyanın “Braqa”sını iki oyunun yekununda (6:5) silahı yerə qoymağa məcbur edən Azərbaycan çempionunun və onun baş məşqçisi Qurban Qurba­novun da ünvanına bu günlərdə az tərif eşitmirik. Beynəlxalq dairələ­rin rəğbətini qazanmaq isə ikiqat fərəhlidir. “Qarabağ” oynadığı yaxşı futbolla, güclü rəqiblər üzərində qa­zandığı layiqli qələbələrlə özü ilə ya­naşı, təmsil etdiyi Azərbaycanı da, onun həqiqətlərini də Avropaya və dünyaya daha yaxından tanıdır.

Braqalılarla Bakı matçından son­ra Portuqaliya mətbuatının 120+2-ci dəqiqədə qonaqların qapısına yol tapıb, onların bütün ümidlərini alt-üst edən Nəriman Axundzadəni “gənc istedad”, meydanda yorulmaq bilmə­dən böyük faydalı iş həcmini yerinə yetirən Marko Yankoviçi “maestro” adlandırması, digər Marko-Veşoviçi isə özünü hər yerə çatdıran “inad­kar” oyunçu hesab etməsi təsadüfi deyil. Onlarla yanaşı, oyun ərzində dəfələrlə yüksək sürətlə 35-40 metr məsafə qət edib, rəqib qapısı ağzın­da gərgin vəziyyətlər yaradan Elvin Cəfərquliyev, İspaniyanın “Betis”, Yunanıstanın PAOK, Xorvatiyanın “Hayduk” klublarının maraq dairə­sinə düşən Bəhlul Mustafazadə və “Braqa” ilə Bakıdakı oyunun qəhrə­manlarından biri Bədavi Hüseyno­vun, bütün komandanın bu gün Ağ­dam şəhəri təmsilçisinin Çempionlar Liqasından sonra qitənin ən nüfuzlu ikinci klub turnirinin səkkizdəbir final­çısı olmasında xidmətləri böyükdür. 

Baş məşqçimiz Q.Qurbanovun “Braqa” ilə görüşün ən ağır dəqiqələ­rində Mateus Silva ilə N.Axundza­dəni meydana çıxardığını da hələ çox xatırlayacağıq. Portuqaliyada ilk oyunda Silva qapımıza penalti təyin edilməsinə səbəb olmuşdu, Nəri­man isə hesabı 5:2-yə çatdırmaq imkanını itirmişdi. Cavab görüşündə gərginliyin son həddə çatdığı anlar­da Qurban müəllimin hər iki futbol­çunu döyüşə göndərməsi, başqa sözlərlə desək, od-alov içinə atması özünü tam doğrultdu. “Qarabağ”ın hər iki topunu məhz bu futbolçula­rın vurması məşqçinin böyük uğuru, yüz ölçüb, bir biçdiyi həlledici qəra­rın bəhrəsi idi.

Görüşün yarısından da çox his­səsini on nəfərlə oynamağa məcbur qalan komandanın döyüşkən ruhu, üstəgəl, onun sadiq pərəstişkarları­nın gecəyarısı soyuq havada möh­kəm dəstəyinin nəticəsidir ki, Avro­pa mətbuatı “Qarabağ”ın qitəmizi təəccübləndirməkdə davam etdiyini yazır, xarici ölkələrdə bəzi klubla­rın futbolçularının birlikdə “Qara­bağ”—“Braqa” qarşılaşmasını izlə­diklərini eşidirik.

Göründüyü kimi, “Qarabağ” getdikcə böyüyür. Böyüdükcə də beynəlxalq futbolda ona hörmət və rəğbət də artır, UEFA rəsmiləri bizə daha isti münasibət göstərir, “Qara­bağ”ın heç bir rəqibdən çəkinmədi­yini, istənilən vəziyyətdə adət etdiyi hücum futbolu oynamağa üstünlük verdiyini görürük. Bu isə o deməkdir ki, Azərbaycan çempionu düzgün yoldadır, əzmkarlığı, zəhməti nəticə­siz qalmır.

Ağdam komandasının bu gün Avroliqanın ən güclü 16 klubu sıra­sında addımlaması “Qarabağ”ın da, eyni bir kollektivin “sükanı arxasın­da” uzunmüddətli və səmərəli fəa­liyyəti nümunə göstərilən Q.Qurba­novun da dünya və Avropa reytinq siyahılarında durmadan mövqelərini yaxşılaşdırır, onları bir çox məş­hur klub və məşqçilərdən irəli çıxa­rır. UEFA Avropa Liqası turnirində dörddəbir finalın astanasında olan komandamız artıq çox böyük iş gör­müşdür. Zarafat deyil, “Qarabağ” in­diki yarışda səkkizdəbir final sevinci yaşayan keçmiş Sovet İttifaqının ye­ganə təmsilçisidir. 

Müzəffər “Qarabağ”—məğlub-edilməz “Bayer” görüşündə haki­min saat 21:45-də səslənəcək start işarəsinə az qalır. Azərbaycan çem­pionu çox sağ olsun ki, “Bayer” kimi bir klubu son 4-5 ayda ikinci dəfə Bakıya gətirib. Bu rəqiblərin sadə və təvazökar məşqçilərinin Leverku­zendə görüşüb, təcrübə mübadiləsi aparmaları da qarşıdakı görüşə xü­susi məna verir. İzləməyə hazırlaş­dığımız oyun həm də Qurbanov—Alonso rəqabətidir. Görək, təcrübə mübadiləsindən kim daha çox fayda götürüb. 

“Qarabağ” oktyabrda qrup mər­hələsi çərçivəsində səfərdə “Bayer”ə böyük hesabla uduzmuşdu (1:5), noyabrda öz meydanında yalnız son dəqiqələrdə penalti ilə buraxdığı qol­la məğlub oldu (0:1). İndi isə erkən bahardayıq, 90 dəqiqə ərzində mey­danda baş verəcək hadisələrdən və qeydə alınacaq nəticədən asılı olmayaraq, bütün hallarda böyük futboldan zövq alacağıq. Bu imka­nı bizə yaradan isə, bir daha təkrar edək, son nəfəsədək döyüşməyi ba­caran “Qarabağ” komandasıdır!

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist



İdman