Daşkənddə universitet tələbələri üçün açıq dərs keçirilib

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Daşkənd Şərqşünaslıq Universitetinin tələbələri üçün Azərbaycan-Özbəkistan dostluğu mövzusunda açıq dərs keçirilib. 

Tələbələr Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev muzeyi, Azərbaycan-Özbəkistan Dostluq muzeyi, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi və Azərbaycan xalçaları muzeyi və sərgi zalını gəzib, orada olan eksponatlarla, hər iki ölkənin tarixi və mədəniyyətini əks etdirən kitablarla, şəkillərlə, musiqi alətləri, milli geyimlər və s. ilə yaxından tanış olublar.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tələbələrlə görüşərək onlara Azərbaycan - Özbəkistan əlaqələrinin tarixi və inkişafı barədə ətraflı məlumat verib. 

O, ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan Azərbaycan və özbək xalqları arasındakı əlaqələrin qədim dövrlərə gedib çıxdığını xüsusi vurğulayıb. Dahi Azərbaycan şairi Nizami Gəncəvi və özbək mütəfəkkiri Əlişir Nəvainin yaradıcılığı barədə ətraflı məlumat verən Samir Abbasov iki qardaş xalq arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsində gənclərin  xüsusi rolu olacağına əminliyini bildirib. 

Sonda Şərqşünaslıq Universitetinin tələbələri ətraflı məlumat üçün Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova təşəkkür edib, belə dərslərin  tələbələrin dil öyrənməsində və mənimsəməsində böyük rolu olacağını bildiriblər. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       





Mədəniyyət