Özbəkistanın populyar radio kanalında müasir Azərbaycan musiqisinin yayımına başlanılıb

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi özbək mətbuatı, televiziya və radio kanalları ilə sıx əməkdaşlıq əlaqələri yaradıb və hazırda milli mədəniyyətimizin, musiqimizin təbliği ilə bağlı birgə layihələr reallaşdırılır. Bununla əlaqədar, media şirkətləri ilə əldə olunan razılıq əsasında Özbəkistanın yerli radio kanallarında müxtəlif verilişlər çərçivəsində Azərbaycan incəsənət ustalarının ifalarının yayımlanması həyata keçiriləcək.

Mədəniyyət Mərkəzi bu gündən Özbəkistanın 102.0 FM tezliyində yayımlanan populyar “Avtoradio” radio kanalında müasir Azərbaycan estrada nümayəndələrinin ifalarının yayımına başlayıb.

Mərkəzdən  bildirilib ki, ilkin olaraq müasir Azərbaycanın Xalq artistləri Gülyanaq Məmmədova, Röya Ayxan, Brilliant Dadaşova, Aygün Kazımova, Eyyub Yaqubov, Faiq Ağayev, Əməkdar artistlər Mətanət İsgəndərli, Aygün Bəylər, Ədalət Şükürov, İlkin Əhmədov, müğənnilər Çinarə Məlikzadə və Almaxanım Əhmədlinin ifa etdikləri musiqi əsərləri seçilərək “Avtoradio” kanalına təqdim edilib.

Musiqi nömrələri özbək tərəfinin qaydaları əsasında seçilib və gələcəkdə növbəti mərhələlərdə digər Azərbaycan incəsənət ustalarının ifaları da radio kanallarına təqdim olunacaq.

“Avtoradio” kanalında “Azərbaycan musiqisini kəşf et” adlı radioveriliş çərçivəsində müasir Azərbaycan estradası nümayəndələrinin ifaları Novruz bayramına qədər efirdə səsləndiriləcək. “Azərbaycan musiqisini kəşf et” adlı I mərhələ başa çatdıqdan sonra gələcəkdə bu ənənə həm “Avtoradio” kanalı, həm də Özbəkistanın digər populyar radio kanalları ilə daimi olaraq davam etdiriləcək.



Mədəniyyət