Nigar Həsənzadənin ana dilində ilk kitabı təqdim olundu

post-img

Azərbaycan Dövlət Tərcümə Mərkəzində tanınmış şairə Nigar Həsənzadənin ana dilimizdə çap olunan ilk kitabının təqdimat mərasimi keçirilib. Seçilmiş şeirlərin rus dilindən tərcüməçisi Salam Sarvan, redaktoru Mahir Qarayevdir. Kitaba ön sözü Ramiz Rövşən yazıb.

Tərcümə Mərkəzinin rəhbəri, Xalq yazıçısı Afaq Məsud bildirib ki, Nigar Həsənzadənin ana dilimizdə çap olunan ilk kitabı və onu tərcüməsi çox uğurlu alınıb. Onun sözlərinə görə, Nigar Həsənzadənin missiyası tək şairlik deyil: “O, bu gün qazilərimizə dəstək göstərir. Onların kitablarının çap olunması və təqdimat mərasimlərinin təşkil edilməsi işini öz üzərinə götürüb. Düşünürəm ki, zamanla onun Azərbaycan naminə görəcəyi çox işlərin şahidi olacağıq”. 

Ön söz müəllifi, Xalq şairi Ramiz Rövşən Nigar Həsənzadənin şeirlərinin bu gün Azərbaycan poeziyası ilə bağlı bədbinliyi aradan qaldırdığını bildirib. Onun dediyinə görə, bu gün poeziya böhran keçirir. Şeir təkçə söz kombinasiyaları deyil, həm də ruh hadisəsidir. Təssüf ki, bu gün poeziyada o ruh zəifləyib, poetik enerji azalıb... Nigarın şeirlərində, hər misrasında ruh var, həmçinin ritm, ahəng var. Sözlərin bir-biri ilə münasibəti çox poetikdir. 

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı əvvəlcə Nigar Həsənlinin ictimai fəaliyyətindən, Londonda yaşadığı zamanlarda Azərbaycan naminə gördüyü işlərdən söz açıb. O deyib ki, Nigar kimi rus dilində yazan şairlərimiz də var: “Mən Nigarı Londondan, orada yaşadığı vaxtlardan tanıyıram. Düzü, bir az təssüflənmişdim ki, niyə bizim belə gözəl qızlarımız vətəni qoyub gedirlər xaricə. Doğrudur, Nigar orda da fəal idi, Azərbaycanla bağlı xeyli işlər görmüşdü. Ancaq tale elə gətirdi ki, o qayıtdı, müxtəlif xeyriyyəçilik işlərilə məşğul oldu. Qazi şairlərin görüşlərini təşkil etdi, onlara dəstək verdi”.

Sonra çıxış edən Nigar Həsənzadə yaradıcılığına verilən qiymət, ona ünvanlanan xoş sözlər üçün hər kəsə təşəkkür edib, şeirlərindən nümunələr səsləndirib.

Qeyd edək ki, N. Həsənzadə  “SÖZ” ədəbi layihəsinin yaradıcısı və müəllifi, Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun Mədəniyyət, sosial və humanitar məsələlər komitəsinin rəhbəridir. 2000-2014-cü illərdə Londonda çalışıb. 5 kitabın müəllifidir.

XQ





Mədəniyyət