Özbəkistandakı Əmiri adına kitabxanaya Azərbaycana dair kitab kolleksiyası hədiyyə edilib

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM)  Fərqanə vilayətinin Kokand şəhərindəki Əmiri adına  mərkəzi kitabxanaya Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edib.

Bununla bağlı keçirilən tədbirdə kitabxananın direktoru Rüstəm Xusanov bildirib ki, Mədəniyyət Mərkəzi tərəfindən kitabxanaya hədiyyə edilən nəşrlər iki qardaş xalq arasında  dostluq körpüsü rolunu oynayacaq. Bundan sonra kitabxananın oxucuları Azərbaycan haqqında müfəssəl məlumat ala biləcəklər. 

AMM-nin direktoru Samir Abbasov çıxış edərək deyib ki, Özbəkistanın kitabxana fondunun Azərbaycan haqqında nəşrlərlə zənginləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir, bu günə qədər Mədəniyyət Mərkəzi tərəfindən hər il minlərlə kitab  paytaxt kitabxanalarına, təhsil müəssisələrinə,  ölkə regionlarındakı kitabxanalara hədiyyə edilib.  Direktor qeyd edib ki, AMM-nin təşəbbüsü ilə bu günə qədər Azərbaycanla bağlı 100-dən çox kitab özbək dilində nəşr olunub.

Hədiyyə edilən nəşrlər arasında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən kitablar var. 

Kolleksiyada Mədəniyyət Mərkəzinin özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar, artıq keçmişdə qalmış Qarabağ münaqişəsinə dair çap məhsulları da yer alıb.

Kitablar arasında böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin xüsusi buraxılışı, “Kitabi-Dədə Qorqud” dastanı, “Hophopnamə”, “Seyid Əzim Şirvani qəzəlləri”, “Vətən üçün can fəda edən qəhrəmanlar” kimi nəşrlər, eləcə də “Günəşə çatar başım – Xurşidbanu Natəvan”, “Mən həqiqətin səsiyəm – Əhməd Cavad”, “Əlişir Nəvainin hikmətləri”, “Azərbaycan və özbək atalar sözləri” kimi ikidilli nəşrlər, üç dildə işıq üzü görən “Heydər Əliyev – 100 kəlam” adlı kitab, beş dildə çap olunan “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” adlı ensiklopedik nəşrlər də var. 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Daşkənd

 









Mədəniyyət