Astanada “Qardaşlığın kökləri: Görkəmli şəxsiyyətlərin nümunəsində” adlı konfrans keçirilib

post-img

Astanadakı Beynəlxalq Türk Akademiyası (BTA) “Qardaşlığın kökləri: Görkəmli şəxsiyyətlərin nümunəsində” adlı konfrans keçirib. 

Qazaxıstanın Milli Akademik Kitabxanasında baş tutan konfransda dövlət və hökumət təmsilçiləri, elm və mədəniyyət xadimləri, tanınmış alimlər, ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbir çərçivəsində tanınmış türk tarixçisi Afət İnanın qazax dilinə tərcümə olunan “Atatürkü xatırlayarkın”, Azərbaycanın ictimai siyasi xadimi, sabiq baş nazir Həsən Həsənovun ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Heydər Əliyev-ümummilli lider, parlaq şəxsiyyət” və qazax dedektiv janrını yaradan Kemal Tokayevə həsr olunan “Kemal Tokayev: ədəbiyyatçının həyat yolu” kitablarının təqdimat mərasimi olub. 

BTA-nın prezidenti Şahin Mustafayev öz çıxışında türk dünyasının görkəmli şəxsiyyətlərini populyarlaşdırmağın mühüm məsələ olduğunu qeyd edib. O deyib ki, qardaş xalqların görkəmli nümayəndələrinin həyat yollarının kəsim nöqtəsi bizim ümumi kimliyimizdən xəbər verir. Onların hər birinin taleyindəki çətin və bəzən dramatik dönüşlərdə əcdadlarımızın mürəkkəb tarixi yolu əks olunur. Buna görə də görkəmli şəxsiyyətlərin həyat yolunun işıqlandırılması ən yaxşı tarix kitabıdır. 

Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov ümummilli lider Heydər Əliyevlə birgə çalışdığı illərdən, onun qardaş xalqların yaxınlaşmasındakı rolundan danışıb.

Türkiyənin Qazaxıstandakı səfiri Mustafa Kapıcı Türkiyə Respublikasının yaranmasının 100 illik yubileyi münasibəti ilə keçirilən tədbirlərdən söz açıb, Akademiyanın yüksək səviyyədə təşkil etdiyi  bu tədbir üçün minnətdarlığını bildirib.  

Xatırladırıq ki, Kemal Tokayev Qazaxıstanın indiki Prezidenti Kasımcomart Tokayevin atasıdır. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Astana       

 

Qeyd: 0593, 0681, 0845, 0653 nömrəli fotoları götürün





Mədəniyyət