Cəzalandırılan “Ailə”

post-img

Xalq rəssamı Rasim Babayevin ən gözəl rəsm əsərlərindən biri də “Ailə” tablosudur. Onun yaradıcılığında xüsusi yer tutan bu əsərdə rəssam öz prototipini təsvir edib. Tablonun yaranması fırça ustasının fəaliyyətinin erkən dövrlərinə – 1971-ci ilə təsadüf edir. 

Əsərin kompozisiyasının mərkəzində ata, ana və uşaqların obrazları göstərilib. Ailə ayaq­yalın, nimdaş paltarda və yarıçılpaq təsvir edilib. 

Sənətşünasların fikrincə, bu cür təsvirlər sənətdə sosialist realizmi ənənələrinin hakim olduğu dövr üçün qəbuledilməz idi. Elə buna görə əsər Moskvada sərgiləndiyi zaman keçmiş SSRİ-nin mədəniyyət naziri Yekaterina Furtseva tərəfindən rədd edilmiş, sərgi salonundan kənar­laşdırılmışdı.

Əsərin kompozisiyasına gəldikdə isə deyə bilərik ki, tabloda əsasən solğun tonlara, mavi, ağ, qəhvəyi rənglərə üstünlük verilib. 

Bu əsər bizə zamana, məkana ilişib qalmaq­dansa, yalnız irəliləməyi öyrədir.

Hazırda tablo Azərbaycan Dövlət Rəsm Qa­lereyasının kolleksiyasında saxlanılır.

Leyla HADİ
tələbə-jurnalist

Mədəniyyət