Bu gün Xalq şairi Osman Sarıvəllinin doğum günüdür

post-img

Bu gün Xalq şairi Osman Sarıvəllinin anadan olmasından 118 il ötür.

Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib (1926–1929). Təhsilini artırmaq məqsədilə Moskvaya gedib və burada Dövlət Universitetinin filologiya fakültəsində oxuyub (1929–1932). 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olub. Bakı Pedaqoji texnikumunda müəllim (1932–1935), Bakı Teatr texnikumunda müdir (1939–1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləyib.

Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-ci ildə başlayıb. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunub. Osman Sarıvəllinin "Dəmir sətirlərim" adlanan birinci kitabı 1934-cü ildə çap olunub.

Osman Sarıvəlli xalq yaradıcılığının təbliği, aşıq sənətinin tədqiqi ilə yanaşı, tərcüməçiliklə də məşğul olmuş, Nizami, Xəqani, Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Puşkinin əsərlərini, Sofoklun “Antiqona” faciəsini dilimizə çevirib. Folklorumuzun və aşıq yaradıcılığının tədqiqində, eləcə də böyük Səməd Vurğun yaradıcılığının külliyyatının hazırlanıb çap edilməsində öz qüvvəsini əsirgəməyib. Onun qoşmaları bu gün də Azərbaycan aşıqlarının ən çox sevdiyi, oxuduğu mahnılara çevrilib.

1990-cı il iyulun 2-də Bakıda vəfat edib və doğulduğu kənddə dəfn olunub.

XQ

Mədəniyyət