Moldovada AZƏRTAC-ın təşəbbüsü ilə Heydər Əliyevin 100 illiyinə həsr olunan fotosərgi açılıb

post-img

Moldovanın paytaxtı Kişineu şəhərində AZƏRTAC-ın təşəbbüsü və Moldova Azərbaycanlıları Konqresinin, Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan fotosərginin rəsmi açılış mərasimi keçirilib.

 Moldova Dövlət Universitetində keçirilən sərgidə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini, dünya liderləri ilə görüşlərini, beynəlxalq təşkilatlarda çıxışlarını əks etdirən fotolar nümayiş olunub.

Çıxış edən Moldova Parlamentinin deputatı, Moldova-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun həmsədri Vitali Jakot bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının tarixində dərin iz qoyub, məhz onun müdrikliyi və biliyi sayəsində Azərbaycan regionun lider dövlətinə, mühüm beynəlxalq layihələrdə iştirak edən etibarlı tərəfdaşa çevrilib. Deputat, həmçinin Azərbaycan ilə Moldova arasında əlaqələrin məhz Heydər Əliyevin dövründə inkişaf etməyə başladığını və bu gün iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını söyləyib.

Heydər Əliyevin dünyəvi lider olduğunu deyən Azərbaycanın Moldovadakı səfirliyinin birinci katibi İlqar Fərəcov qeyd edib ki, Ümummilli Lider Azərbaycan və Moldova münasibətlərinin memarıdır. “Heydər Əliyev Azərbaycanın bugünkü inkişafının əsasını qoyub. Ulu Öndərin siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, - deyə İlqar Fərəcov əlavə edib.

Diplomat müasir müstəqil Azərbaycanın yaradılmasında və ölkənin regionun lider dövlətinə çevrilməsində Azərbaycan xalqının Ümummilli Liderinin rolunu və əvəzsiz xidmətlərini xüsusi vurğulayıb.

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov isə çıxışında Ulu Öndərin Azərbaycan diasporunun inkişafındakı xidmətlərindən danışıb. Xaricdə yaşayan soydaşlarımızın Vətənə bağlılığının Ulu Öndərin tarixi xidmətləri sırasına daxil olduğunu diqqətə çatdıran E.Bayramov əlavə edib: “Ümummilli Lider cəmiyyətin bütövləşməsi, milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görüb, xalqın birliyinin siyasi və nəzəri əsaslarını irəli sürüb. Heydər Əliyevin uğurlu siyasətinin davamı olaraq Prezident İlham Əliyevin fəaliyyəti dünyada yaşayan azərbaycanlıları daha da ruhlandırır. Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında etdiyi çıxışı ilə diaspor qarşısında yeni hədəfləri müəyyənləşdirdi. Dünyada, o cümlədən Moldovada yaşayan soydaşlarımız dövlətimizin başçısının çıxışından ruhlanaraq qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirirlər”.

Daha sonra Moldova Millətlərarası Münasibətlər Agentliyinin nümayəndəsi Kristina Reilan, Moldova Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin nümayəndəsi Nataliya Putina çıxış edərək Heydər Əliyevin xidmətlərindən, iki ölkə arasında əməkdaşlığın inkişafından danışıblar.

Fotosərginin rəsmi açılışı yerli mətbuatda, o cümlədən “Moldpres” dövlət informasiya agentliyində işıqlandırılıb.

Qeyd edək ki, sərgi bir həftə davam edəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Mədəniyyət