Şirin Məlikova: “Bu nümunələr bədii-tarixi baxımdan çox əhəmiyyətlidir”

post-img

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Qərbi Azərbaycan incəsənətinə həsr edilmiş "Mədəni yaddaşımızda Qərbi Azərbaycan" adlı sərgisi haqqında XQ-ya məlumat verib. Bildirib ki, burada İrəvan xanlığının zadəgan ailələrinin fotoları, nadir eksponat nümunələri, qrafik əsərlər, xalçalar və s. sərgilənir:

- Biz çalışdıq ki, İrəvan xanlığının zadəgan ailələri və tanınmış simalarının obrazları da burada nümayiş olunsun. Sərgidə gördüyünüz arxiv fotoların interyerləri eksponatlar vasitəsilə vizuallaşdırırılır. İrəvanın tanınmış Markizki ailəsindən olan “Qarabağın vəshəli” xalçası burada sərgilənir. Həmçinin  Azərbaycan rəssamı Bəhruz Kəngərlinin erməni daşnaklarının törətdiyi vəhşiliklər nəticəsində yurd-yuvalarından didərgin düşərək Naxçıvana sığınmış insanları təsvir etdiyi "Qaçqınlar" silsilə nümunələrini də görə bilərsiniz. Xalq rəssamı Hüseyn Əliyevin qrafik əsərlərində Azərbaycanın müxtəlif guşələri gözəl şəkildə təsvir olunur. Sərgi iştirakçılarına tanınmış xalçaçı-rəssam Kamil Əliyevin  ornament xalçaları ilə yanaşı onun Heydər Əliyevə həsr etdiyi portret xalçası da təqdim olunur. Bütün bunlar bədii-tarixi baxımdan bizim üçün çox əhəmiyyətlidir.

Fidan SALMANOVA

XQ

Mədəniyyət