“Vətən oğulsuz olmasın”

post-img

   Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Vətən oğulsuz olmasın” kitabının təqdimatı keçirilib.

   Tədbiri giriş sözü ilə açan “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlı təqdimatı keçirilən “Vətən oğulsuz olmasın” kitabının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində nəşr edildiyini və ilk təqdimatının M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında keçirildiyini qeyd edib. Güllü Tomarlı kitabda Ulu Öndərin Xalq şairi Mirvarid Dilbazi ilə görüşündə söylənilən nitqlərin, səsləndirilən fikirlərin, Mirvarid xanımın xalqın müdrik oğluna həsr etdiyi şeirlərin toplandığını bildirərək, kitabın növbəti təqdimatlarının Sabirabad, Bərdə, Ağsu və digər bölgələrdə keçiriləcəyini söyləyib.

Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova tədbir iştirakçılarını salamlayaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Respublika Gənclər Kitabxanasında həyata keçirilən layihələr, təşkil edilən tədbirlər, kitab təqdimatları, hazırlanan materiallar haqqında geniş məlumat verib. Ulu Öndərin ədəbiyyat, mədəniyyət, poeziya sahəsinə olan qayğısından, şair və yazıçılara olan dərin hörmət və ehtiramından söhbət açaraq, “Vətən oğulsuz olmasın” kitabında toplanan faktların tarixi əhəmiyyət daşıdığını, Ulu Öndərin Xalq şairinə olan xoş münasibətinin bariz nümunəsi olduğunu bildirib. Uzun illər Qarabağ həsrəti ilə yaşayan Mirvarid Dilbazinin qazanılan tarixi qələbə sayəsində bu gün ruhunun şad olduğunu bildirib.

Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi çıxışında Ümummilli Liderin hər zaman Vətənə, xalqa məhəbbət kimi mənəvi keyfiyyətlərin aşılanmasında ədəbiyyatın rolunu önə çəkdiyini bildirərək, şair və yazıçılar tərəfindən ədəbiyyatımızın böyük hamisinə minlərlə nəzm və nəsr nümunələrinin həsr olunduğunu deyib. Mirvarid Dilbazinin Ulu Öndərə həsr olunmuş qiymətli ədəbi nümunələr yaradan ilk şairələrdən biri olduğunu dilə gətirərək, anası ilə bağlı xatirələrini bölüşüb.

Tədbirdə çıxış edən digər natiqlər kitabla bağlı fikirlərini söyləyərək, bu səpkili tədbirlərin, kitab təqdimatlarının, müəllif görüşlərinin kitabxanalarda, kitab məbədlərində keçirilməsinin əhəmiyyətindən danışıblar.

Tədbir boyunca bəstəkar, müğənni Yaqut Almazın ifasında Mirvarid Dilbazinin sözlərinə bəstələnmiş mahnılar, şeirlər səsləndirilib.

Sonunda Güllü Eldar Tomarlı “Vətən oğulsuz olmasın” kitabını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə edib və tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirib.

Kitabda ümumilli lider Heydər Əliyevin Mirvarid Dilbazinin 85 illik yubiley gecəsində səsləndirdiyi təbrik nitqi, Xalq şairinin təşəkkür nitqi və ədibin şeirləri yer alıb. Kitabın redaktoru “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı, məsləhətçisi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazidir.

 













Mədəniyyət