Bakıda “Heydər Əliyev irsi: tolerantlıq və multikultural dəyərlər” mövzusunda konfrans keçirilib

post-img

Dekabrın 8-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) təşkilatçılığı ilə “Heydər Əliyev irsi: tolerantlıq və multikultural dəyərlər” mövzusunda konfrans keçirilib.

Konfrans Ulu Öndərin və Vətən uğrunda mübarizədə canından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Tədbirdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Hikmət Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rəhbəri Aqil Şirinov, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak edib.

Əvvəlcə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Heydər Əliyev və din siyasəti” sənədli filmi nümayiş etdirilib.

Sonra çıxış edənlər Ulu Öndər Heydər Əliyev tərəfindən böyük peşəkarlıq və həssaslıqla hazırlanan mükəmməl dövlət-din siyasəti modelindən, bu sahədə milli-mənəvi dəyərlərə qayıdışdan, xalqın keçmişinə, adət-ənənələrinə, dininə dövlət səviyyəsində göstərilən qayğıdan, ölkədə etiqad, inanc azadlığının tam təmin olunmasından danışıblar.

Natiqlər, eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin tolerantlığa verdiyi önəmdən, həyata keçirdiyi müdrik siyasət nəticəsində respublikamızda yaşayan dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsindən, ölkəmizin nümunəvi tolerantlıq modelini formalaşdırmasından söz açıblar.

Sosial həyat