BDU-da Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş elmi konfrans

post-img

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda Respublika elmi konfransı keçirilib.  

Giriş sözü ilə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev qonaqları və iştirakçıları rektor Elçin Babayevin adından salamlayıb. Xalq yazıçısı Anarın yaradıcılığından və ictimai fəaliyyətindən bəhs edən natiq Ümummilli Liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin yazıçının ədəbi-bədii irsinə yüksək dəyər verdiklərini, onun dövlətimizin ən ali mükafatları ilə təltif olunduğunu qeyd edib: “Bu gün Xalq yazıçısı Anarın yubileyinə həsr olunmuş konfransın BDU-da keçirilməsi heç də təsadüfi deyil. Anar müəllimin həm özü, həm də övladları Universitetin məzunlarıdırlar. Eyni zamanda hesab edirəm ki, konfransının adı və elmi istiqamətləri doğru müəyyən edilib. Anar yaradıcılığı ilə ölkəmizdə mütaliə mədəniyyətinin, oxucu zövqünün formalaşmasına, eləcə də kitabxanalarımızın fondlarının inkişafına mühüm töhfələr verib”.  

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Xalq yazıçısının yaradıcılığı, nəsrindəki çoxşaxəli istiqamətlər, əsərlərinin obrazlar sistemi barədə geniş məlumat verib: “Anarın yaradıcılığı möhtəşəm azərbaycançılıq abidəsidir. Onun keçmiş mətnlərə yeni nəfəs vermək məharətini yüksək qiymətləndirirəm. Anar müəllim əvvəlki əsərlərinin motivlərinə bir daha qayıtmaqla həmin əsərləri daha da dərinləşdirir”.  

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, BDU-nun Türk filologiyası kafedrasının professoru, millət vəkili Jalə Əliyeva, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AYB-nin katibi İlqar Fəhmi çıxışlarında Anar yaradıcılığının çoxtərəfli istiqamətləri və məziyyətləri barədə danışıblar.  

Plenar iclasda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan “Anar yaradıcılığı və oxu mədəniyyəti” mövzusunda məruzə edib. İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı çıxışında qeyd edib ki, 2 gün ərzində davam edəcək konfransda Xalq yazıçısı Anarın çoxşaxəli yaradıcılığı barədə, eyni zamanda sənəd və informasiya menecmenti, informasiya logistikası, mütaliə mədəniyyəti, oxucu zövqü, oxucu məmnunluğu, kitab sənayesi, müəlliflik hüququ və əlaqəli hüquqlar kimi sahələr üzrə ümumilikdə 40-dan çox məruzə dinləniləcək, müzakirələr aparılacaq.  

Sonda çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edənlərə, bütün iştirakçılara təşəkkürünü bildirib: “Məzunu olduğum doğma Bakı Dövlət Universitetində yubileyimə həsr olunmuş yüksək səviyyəli elmi konfransın keçirilməsi mənim üçün çox əlamətdardır. Hesab edirəm ki, Universitetin kollektivi və tələbələri ilə görüşlərimiz bundan sonra da davam edəcək”. 

XQ

 





Mədəniyyət