Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndələri Özbəkistanda səfərdədir

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəvəti ilə Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyevanın başçılığı ilə nümayəndə heyəti Daşkənddə səfərdədir. 

Məədəniyyət Mərkəzinə gələn qonaqlar əvvəl Ümummilli Lider Heydər Əliyevin AMM-nin qarşısındakı abidəsi və Şəhidlər abidə kompleksinə gül dəstələri qoyublar.

Sonra AMM-nin direktoru Samir Abbasov qonaqlarla görüşüb, mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib. 

S. Abbasov Mədəniyyət Mərkəzinin Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatının təbliğatı ilə bağlı gördüyü işlərdən söz açıb, yüzdən artıq nəşrin özbək dilinə tərcümə edildiyini, çoxsaylı sərgilərin, konsertlərin, konfransların təşkil olunduğunu vurğulayıb. 

Azərbaycan dilinin Özbəkistanda təbliği və tədrisinin AMM-nin əsas prioritetlərindən olduğunu qeyd edən S. Abbasov bunun üçün Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan dili kurslarının yaradıldığını, lüğətlərin, danışıq kitablarının, dərs vəsaitlərinin nəşr edildiyini, elektron platformada tədrisin təşkili və bu sahədəki layihələrdən söz açıb. Azərbaycan dilinin tədrisi sahəsində  Özbəkistanın bir çox ali məktəbləri ilə sıx əməkdaşlıq etdiklərini vurğulayan direktor artıq   ali məktəblərin birində Azərbaycan dilinin tədrisinə nail olduqlarını və ölkənin Gənclərlə İşlər Agentliyi tərəfindən həyata keçirilən “İbrat farzandlari” layihəsi çərçivəsində Azərbaycan dilinin bütün Özbəkistanda onlayn formatda tədrisinin həyata keçirildiyini qeyd edib. 

Sevinc Əliyeva dəvət üçün minnətdarlığını bildirərək rəhbərlik etdiyi təşkilatın fəaliyyəti ilə bağlı geniş məlumat verib. Qurumun əsas məqsədinin müasir Azərbaycan dilinin leksik, qrammatik normalarının qorunması, mətbuatda, nəşrlərdə, televiziya proqramlarında, məlumat lövhələrində, reklamlarda, ümumiyyətlə Azərbaycan dilinin işləndiyi hər bir sahədə ədəbi dilin normativ qaydalarına riayət edilməsinə nəzarət, maarifləndirmə işlərinin aparılması olduğunu qeyd edib. O, Azərbaycan dilinin populyarlaşdırılması, tədrisi və dil normalarının qorunması sahəsində Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb. 

S. Əliyeva gələcəkdə Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq, bu istiqamətdə birgə  layihələrin reallaşdırılması, habelə özbək tərəfi ilə əlaqələrin yaradılması işində maraqlı olduqlarını bildirib. 

Sonra qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmış Heydər Əliyev Muzeyi, Azərbaycan mədəniyyəti və Dövlətçilik Tarixi Muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, Azərbaycan xalçaları muzeyi ilə tanış olublar.


Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       





Mədəniyyət