Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrının Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində təqdim etdiyi "Qaragöz" tamaşası maraqla qarşılanıb.
Klassik qazax ədəbiyyatı nümunələrindən sayılan “Qaragöz” əsəri köhnə adət-ənənələrə hədəf olmuş 2 gəncin saf məhəbbətinin uğursuz hekayətidir. Qəbilə ənənəsinə görə, bu gənclər bir-biri ilə ailə qura bilməzlər. Onların sevgisi kimi həyatları da ölümə tuş gəlir. İztirab və ümidsizlik sonda Qaragözün ölümü ilə nəticələnir. Köhnəliklə mübarizə aparan Sırım isə məşhur el şairi olur, ömrünün sonunadək tək yaşayır... İnamlı və məharətli oyunu ilə yaradıcı heyət üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi və ölkəmizdə Qazaxıstan Mədəniyyəti Günlərinin seçilən bir təqdimatına nail oldu.
Tamaşadan sonra baş rollardan birinin – Sırımın ifaçısı Maksat Raxmet XQ-yə açıqlamasında dedi:
– Düzdür, bizim günlərdə bir çox ziyanlı el qaydaları öz aktuallığını itirib, amma bəziləri bu gün də həyatımıza mane olmaqda davam edir. Unudulmaz yazıçı-dramaturq Muxtar Auezovun bir əsr yaşı olan bu əsərində məhz həmin problemdən bəhs edilir. Tamaşa Azərbaycandan əvvəl Türkiyənin müxtəlif şəhərlərində, Daşkənd teatr festivalında eyni uğurla oynanılıb.
Qazax aktyor Bakıda ilk dəfə olduğunu və şəhəri çox sevdiyini də söylədi:
– Füsunkar paytaxtınız var. İkinci belə qonaqpərvər bir şəhər tanımıram. Yeməkləriniz də çox dadlıdır. Sizin tamaşaçı da fərqlidir. Teatra, tamaşaya münasibət də burda diqqətçəkəndir. Qazax və Azərbaycan mədəniyyətləri bir- birinə çox yaxındır. Bu da eyni kökə bağlılığımızdan irəli gəlir. Burada öyrəndim ki, Azərbaycan teatrının 150 yaşı var. Demək, sizdən çox şey öyrənə bilərik. Ümid edirəm ki, qarşılıqlı mədəni münasibətlər ölkələrimiz üçün bundan sonra da faydalı olacaq.
Yazıçı-dramaturq Əli Əmirlinin tamaşa barədə söylədikləri:
– Plastika, quruluş çox xoşuma gəldi, sənət dili yüksək səviyyədədir. 1 saatdan artıq çəkdi, amma darıxdırıcı olmadı, əksinə musiqi, aktyorların şeir dili hamıya çox maraqlı gəldi. İnanmaq istəyirəm ki, bu bizim qazax teatrı ilə ilk tanışlığımız olsa da, sonuncu olmayacaq.
Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə isə belə dedi:
– Bu gün bir sənət nümunəsinə tamaşa etməklə ölkəmizdə teatr bayramının şahidi olduq. Qazax teatrı ilə tanışlıq xoş hisslər yaratdı. Biz bir-birimizin sənəti, mənəvi dünyası ilə tanışlığa bir qədər gecikmişik, amma ümid edirəm ki, belə təqdimatlar sayəsində daha da yaxınlaşacağıq. Belə sənət bayramlarının tez-tez olmasını arzulayıram.
Ramilə QURBANLI
XQ