"Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda beynəlxalq konfrans keçirilib

post-img

 Bakıda Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası, növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfrans təşkil edilib.

Konfransın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti səsləndirilib.

Tədbir Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun cari ilin iyul ayında nazirlər səviyyəsində təşkil edilən iclasında səsləndirdiyi təşəbbüsləri əsasında təşkil edilib. Konfransda Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh, təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birinci prezidenti Günay Əfəndiyeva çıxış edib.

Günay Əfəndiyeva çıxışında Türkdilli dövlətlərdə keçmişdən bu günədək davam edən qadınların ictimai fəallığından və qadınlara olan münasibətdən bəhs edərək, Türk Dünyasının tarixində mühüm iz qoymuş və əfsanəyə çevrilmiş qadın hökmdarlar, diplomatlar, yazıçı və şairələrdən söz açıb.

Fondun birinci prezidenti həmçinin müasir zəmanəyə nəzər salarkən, Türk Dünyasının öndə olan qadınlarının nümunəsi kimi Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini yüksək qiymətləndirərək, onun rəhbərliyi altında həyata keçirilən layihələrin, təşəbbüslərin və xeyirxah əməllərin həm ölkənin daxilində, eyni zamanda beynəlxalq aləmdə mühüm nüfuz qazandığını qeyd edib.

Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinə danışaraq, təşkilatın beynəlxalq səviyyəli layihə və tədbirləri ilə sivilizasiyaları bir araya gətirdiyini, xalqları yaxınlaşdırdığını, mədəni diplomatiya yoluyla dövlətlərarası, qlobal əməkdaşlığın, həmrəyliyin daha da gücləndirilməsinə töhfə verdiyini bildirib. O, Fond tərəfindən həyata keçirilən layihələr sırasında “Azərbaycan qadın şairələrinin poeziya antologiyası” kitabının ingilis, alman, italyan, bolqar, ispan, portuqal, ərəb və digər dillərdə nəşr edilməsi, dahi mütəfəkkir Nizami Gəncəvinin ölməz əsərinin adını daşıyan və yeddi türk kökənli ölkəni - Azərbaycanı, Qazaxıstanı, Qırğızıstanı, Türkiyəni, Özbəkistanı, Türkmənistanı və Macarıstanı təmsil edən peşəkar qadın musiqiçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun yer aldığını vurğulayıb.

Günay Əfəndiyeva Yaxın Şərqdə, Şərqi Avropada və digər bölgələrdə silahlı münaqişələr zamanı yüzlərlə qadın və uşağın həlak olmasının qəbuledilməzliyini bildirib. Eyni zamanda, Afrikada yüzlərlə qadının aclıqdan, qida yetərsizliyi, lazımi səhiyyə xidmətlərinin olmaması səbəblərindən həyatlarını itirdiyi qeyd edib.

Fondun təsisçi prezidenti nitqində qurucu üzv ölkəsi olan Azərbaycanın Qarabağ bölgəsində tarixi abidələrin, əl sənətlərinin 30 illik işğal nəticəsində yerlə yeksan edildiyinə diqqət çəkərək, dünya ictimaiyyətini ikili standatlara qapılmamağa, obyektivliyi itirməməyə, ədalətsizliyə göz yummamağa çağırıb.

Konfransa Qoşulmama Hərəkatına üzv ölkələrin rəsmiləri, o cümlədən 15 nazir, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, 10-a yaxın beynəlxalq təşkilatın nümayəndələri, həmçinin xüsusi qonaq qismində yüksəkvəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə dünyanın 50-dən çox ölkəsindən nümayəndə heyətləri qatılıb.

Sonda konfransın yekun Bəyannaməsi qəbul edilib.



Mədəniyyət