Ölkəmizin turizm imkanları Qətərin paytaxtı Dohada keçirilən “Qatar Travel Mart” sərgisində nümayiş etdirilir.
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə xüsusi formada dizayn edilmiş milli stenddə ziyarətçilərə Azərbaycanın tarixi, milli mətbəx nümunələri, ekoturizm, dağ-xizək mərkəzləri, sağlamlıq və qış turizmi imkanları haqqında ətraflı məlumat verilir.
Milli stenddə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə yanaşı, ümumilikdə, 7 yerli turizm sənayesi tərəfdaşı təmsil edir. Sərgi çərçivəsində iştirakçı turizm sənayesi nümayəndələri ilə “Biznesdən biznesə” formatlı görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq imkanları sərf-nəzər edilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Mahir Əliyev milli stendi ziyarət edərək, sərginin gedişatı ilə tanış olub. Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid sərgi çərçivəsində “Dünya səviyyəli dayanıqlı destinasiya və xidmətlərin yaradılması” mövzusunda panel diskussiyada iştirak edib.
Beynəlxalq sərgidə 60 ölkədən dövlət və özəl sektoru təmsil edən 250 turizm sənayesi nümayəndəsi iştirak edir və sərgiyə minlərlə çox ziyarətçi qatılıb.
Ə.DOSTƏLİ
XQ