Daşkənddə Xalq artisti Firudin Səfərovun 90 illik yubileyi qeyd olunub

post-img

     Daşkənddə Azərbaycanın və Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı, Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının baş rejissoru, professor Firudin Səfərovun 90 illik yubileyi keçirilib.

      Opera və Balet Teatrında baş tutan yubiley tədbirində Özbəkistanın dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət, incəsənət xadimləri, Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin (AMM) əməkdaşları, diasporumuzun üzvləri iştirak ediblər.

     Rejissoru 90 illik yubileyi münasibətilə təbrik edən AMM-nin direktoru Samir Abbasov bildirib ki, Firudin Səfərov  45 ildən çoxdur ki, tanınmış opera rejissoru kimi öz parlaq istedadı ilə Azərbaycan və özbək xalqlarının mədəniyyətlərinin inkişafına xidmət edir. O vurğulayıb ki, tanınmış rejissor öz fədakar əməyi ilə xalqlarımız arasında sarsılmaz körpü yaradıb. S.Abbasov Firudin Səfərovun dünya azərbaycanlılarının Bakıda keçirilmiş qurultaylarının iştirakçısı olduğunu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalına layiq görüldüyünü söyləyib.

S. Abbasov Azərbaycan dövlətinin  Firudin Səfərovun yaradıcılığını yüksək qiymətləndirdiyini qeyd edərək onun Azərbaycan səhnəsində çoxsaylı tamaşalara quruluş verdiyini bildirib. O deyib ki, Özbəkistana gəlməzdən əvvəl F.Səfərov 14 il Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru işləyib. Bakı teatrında dahi Üzeyir Hacıbəylinin “Koroğlu” və “Leyli və Məcnun”, Vasif Adıgözəlovun “Natəvan” və digər operaları səhnələşdirib. Sonra o, Firudin Səfərova yubileyi ilə bağlı Mədəniyyət Mərkəzinin xatirə hədiyyələrini təqdim edib. 

     Özbəkistanın Mədəniyyət nazirinin birinci müavini Avazxon Tadjixanov deyib ki, bu axşam sadəcə yubiley deyil, Özbəkistan və Azərbaycan xalqlarıının dostluğunun əlamətdar hadisəsidir və Firudin Səfərov öz çoxillik fəaliyyəti ilə iki dövlətin mədəniyyətlərini birləşdirir. Sonra nazir müavini Firudin Səfərova Özbəkistan Mədəniyyət Nazirliyinin “İncəsənətə verdiyi töhfəyə görə” medalını təqdim edib.

     Teatrın direktoru, Özbəkistanın xalq artisti Ramiz Usmanov Firudin Səfərovun həyat və yaradıcılığı haqqında danışaraq Daşkənd teatrında ölməz əsərlər yaratdığını qeyd edib. 

     O deyib  ki, Firudin Səfərov 45 ildən çoxdur ki, bu teatrda çalışır və ötən müddətdə 70-dən çox müasir və klassik operaya quruluş verib. 

Tədbirin bədii hissəsində Firudin Səfərovun quruluş verdiyi tamaşalardan səhnələr göstərilib və alqışlarla qarşılanıb.

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       

 

 













Mədəniyyət