Xalq yazıçısı Anar: “Heydər Əliyev məni həmişə, hər yerdə müdafiə edib”

post-img

"Heydər Əliyevi ilk dəfə Gülüstan Sarayında tədbirdə görüb tanımışam. Bundan sonra dəfələrlə görüşlərimiz oldu. Onun mənim həyatımda çox böyük rolu olub.  Məni həmişə, hər yerdə müdafiə edib". Bu fikirləri Yazıçılar birliyinin sədri, xalq yazıçısı Anar Rzayev oktyabrın 30-da Bakı Kitab Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə “MədəniyyətimİZ” layihəsi çərçivəsində təşkil olunmuş görüşdə səsləndirib: 

-O vaxt “Qobustan” jurnalının baş redaktoru idim. Bəzi dairələr bu dərgini  pantürkçülük, millətçilik və türk sözlərindən istifadə edilməsində günahlandırırdılar. Həmin illərdə Heydər Əliyev DTK-də işləyirdi və bu barədə ona müxtəlif dairələrdən donoslar yazıb göndərirdilər. Sonralar, müstəqillik dövründə ulu öndər bu barədə çıxış etdi və bildirdi ki, jurnal barədə o qədər yazırdılar ki, hətta deyirlər Anarın özü də, babası da sovet əleyhinə gedir, pantürkçüdürlər və s. Lenin Sarayı (indiki Heydər Əliyev sarayında) keçirilmiş tədbirlərdən birində çıxış edərək jurnal haqqında bəzi fikirlər səsləndirdi. Sadəcə bir cümlə ilə vurğuladı ki, burada bəzi sağlam olmayan meyllər var. Amma  türkçülük, millətçilik və anti-sovet fikirlərinə rast gəlinmir. Bu cümlə qəzetdə çap olundu. Lakin çıxışındakı son cümləsi heç bir qəzetdə dərc olunmamışdı. Bu yaxınlarda görkəmli alimimiz Rafael Hüseynov bunu arxivdən tapıb gətirdi və mənə göstərdi. Heydər Əliyev son cümləsində demişdi: ""Pravda"” qəzetində Anarın bir yazısını oxudum. Belə nəticəyə gəldim ki, o, istedadlı, sağlam düşüncəli  və əqidəsinə sadiq adamdır”. Bununla, Heydər Əliyev məni ona yazılan  donoslardan, millətçilik damğasından xilas etdi. Bütün bu tənqidlərdən sonra”Qobustan”a əlavə ştatlar verildi, teatr cəmiyyətində iki otaq ayrıldı.  Jurnal Mədəniyyət Nazirliyinin tərkibində nəşr olunmağa başladı. Beləliklə, Heydər Əliyev bütün bu maneələrə baxmayaraq jurnalın fəaliyyətini dayandırmadı,  əksinə, dəstək oldu”. 

Fidan HÜQUQQIZI

XQ

Mədəniyyət