Türkiyəli qonaqlar Nizami Muzeyində

post-img

Türkiyənin tanınmış şairi, yazıçısı, publisist və tədqiqatçı Şükrü Sunay Akın yaxın məsləkdaşları Ali İhsan Genç və Samet Karahasanoğlu ilə birlikdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub. Sunay Akın şəxsiyyəti və yaradıcılığı Türkiyədə hədsiz sevgi qazanıb. Sunay Akının yaradıcılığını sevənlər onun “Yazarların İstanbulu”, “İstanbulun Nazim planı”, “Kırdığımız oyuncaklar” və s. kitabları ilə tanışdır. Bundan əlavə Sunay Akın TRT 2 və CNN Türk kanallarında “İzler”,  “Akşama doğru” proqramlarının müəllifi və aparıcısı olub. 

“Böyük kəşflər əvvəlcə uşaqların əllərində olub, sonra böyüklərin həyatında” deyən Sunay Akın Almaniyada Oyuncaq Muzeyini gəzdikdən sonra 2005-ci ildə Türkiyədə ailəsinə məxsus beş mərtəbəli imarətdə İstanbul Oyuncaq Muzeyini yaradır. Onun bu il Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə Almaniyada dünyanın ən böyük oyuncaq muzeyi Nürenberq Oyuncaq Muzeyində sərgisi açılıb. Bütün bunları söhbət əsnasında onun özündən öyrəndik. Sunay Akının doğma şəhərimizə gələr-gəlməz muzeylə tanışlığı həm ədəbiyyata, həm də muzeyə sevgisindən imiş. Bu təmiz, saf dünyanın sakinlərini, kiçik balaları duyan bir qəlbin sahibi bu gün Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini gəzərkən heyrətini gizlədə bilmirdi. Dünyanın hər yerində müxtəlif muzeyləri gəzdiyini qeyd edən şair, öz ədəbiyyatını, mədəniyyətini və tarixini belə bir əzəmətli binada birləşdirib dünyaya tanıdan ikinci bir muzey görmədiyini söylədi. Müsafirlərin mənəvi zənginliyinin sayəsində zamanın necə keçdiyi hiss olunmadı.

Qonaqları muzeyin zəngin ekspozisiyası ilə tanış edən filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova Sunay Akının Türkiyənin tanınmış şairi Nazim Hikmətə və Azərbaycanın Xalq şairi Rəsul Rzaya böyük sevgisinin şahidi olub. Bu sevilən şairləri ekspozisiyada görüb, sevgisini gizlədə bilməyən şair, onların şeirlərindən misralar  söyləyirdi.

“Qibtə etdim, həsəd apardım! Bunları yazarkən həm çox sevincliyəm, həm də kədərli. Sevincliyəm ona görə ki, Azərbaycan belə gözəl, şair və yazıçılarının əsərləri ilə dolu bir muzeyə sahibdir. Kədərliyəm, ölkəmin belə bir muzeyə sahib olmadığı üçün!..” 

Düşüncələrini muzeyin “Rəy kitabı”nda xatirə olaraq yazan, İstanbul Oyuncaq Muzeyini yaradan Sunay Akın bəlkə də gün  gələcək qardaş Türkiyədə  belə bir muzeyin yaranmasına vəsilə olacaq.  

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”









Mədəniyyət