Azərbaycan klassikasından hər hansı bir əsərin hazırlanması gənc rejissor Ərşad Ələkbərova həvalə ediləndə, o, Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsəri üzərində dayanıb.
Ərşad Ələkbərov Rusiyada, Qazaxıstanda tamaşalar qoyub. Bir il əvvəl Akademik Rus Dram Teatrında Anarın “Mən, sən, o və telefon” əsərini səhnələşdirib. Ondan əvvəl həmin teatrda Yevgeni İoneskonun “Kral ölür” pyesi əsasında “Mərasim” tamaşasını hazırlayıb. Rejissor barədə bu qədər, gənc, ideyalarla zəngin rejissordur. Keçək onun Akademik Milli Dram Teatrında bu günlərdə premyerası olan tamaşasına.
Burada rejissor Xalq yazıçısı Anarın 60-cı illərdə qələmə aldığı “Dantenin yubileyi” əsərini uzun fasilədən sonra yenidən teatr səhnəsinə qaytarıb.
Səhnədə sovet vaxtının köhnə "PAZ" avtobusu dayanıb. Hamıya yaxşı tanış, bəlkə də dogma olan həmin sarı rəngli avtobus tamaşa boyu səhnədədir və bütün hadisələr onun içində, ətrafında cərəyan edir. Avtobus bir növ öz dövrünün rəmzidir, həm də başqa çalarları da özündə ehtiva edir. Axı, əsərin qəhrəmanı Feyzulla Kəbirlinski bir vaxtlar teatrda ixtisara düşüb. Bir müddət avtobusda konduktor işləyib. Hə, bir qədər də qəhrəman haqqında, Kəbirlinski sənətində uğur qazanmayan yaşlı aktyordur. Sənətini sevən, bütün ömrünü ona həsr edən, amma istedadsız və adı gələndə heç bir obrazı xatırlanmayan talesiz aktyor. Teatr səhnəsində belə aktyorlar çoxdur, Anar bu əsəri yazandan, yəni 60-cı illərdən bəri həmin aktyorların ümumi bir adı var – Kəbirlinski.
O, yastıayaq olduğundan gəncliyində müharibəyə yararsız hesab olunub. Arada teatrda ixtisara düşüb, başqa heç bir iş bacarmadığından acından ölməsin deyə, yenidən teatra qaytarıb kütləvi səhnələrdə nizə tutan kimi epizodik rollar veriblər.
Teatr kollektivinin lağ yeridir, hamı ona gülür, ələ salır, çox sadəlövh olduğundan bunları başa düşmür. Oğlu Eldar da bu sahədədir, qisməti atasına görə xəcalət çəkməkdir.
Tamaşa əsərdə də olduğu kimi məşq prosesi ilə başlayır. Rejissor Səyavuş (Elşən Rüstəmov) iki kəlməni deyə bilmədiyi üçün aktyor Kəbirlinskini (Sabir Məmmədov) danlayır.
Bütün tamaşa boyu 3 kəlməsi var. Bu gecə. Bu qoca. Bu ocaq – deməlidir, deyə bilmir.
Əsərə görə Kəbirlinski istedadsız aktyordur, rejissor isə ona yalnız aktyor kimi deyil, ümumilikdə, insan kimi yanaşıb, həyat belələrindən xali deyil və onların taleyi çox acınacaqlıdır, həm də ətrafındakı biz insanların sayəsində. Ona səhnədə də gülürük, həyatda da…
Kəbirlinski teatrdan başqa, dublyajda işləyir, ara-sıra televiziyada çıxış edir, karamel fabrikində dram dərnəyinin rəhbəridir. Hətta üç ildir rəhbərlik etdiyi dram dərnəyində "Oqtay Eloğlu" əsərini səhnələşdirə bilmir. Amma özünün sənətkar hiss etdiyi yeganə yer elə həmin dərnəkdir, çünki orda onu eşidirlər. Sabir Məmmədovun obrazında Kəbirlinski maraqlı təqdim olunur, amma tamaşaçı daha çox Gülbəniz Əzimzadənin 1978-ci ildə ekranlaşdırdığı eyniadlı filmdən Həsənağa Turabovun Kəbirlinskisini yaxşı xatırlayır. Həmçinin filmdə onun xanımı Həcəri yaradan Zərnigar xanım Ağakişiyevanı.
Xanımı demişkən, Kəbirlinskinin evdə günü çöldəkindən də qaradır. Həyat yoldaşı Həcər (Sənubər İsgəndrova) fərsizliyi ucbatından gününü göy əskiyə büküb. Sənubər xanımın Həcəri tipik azərbaycan qadınıdır, deyinsə də anlayan və məqamında susmağı bacaran, söysə də ərini sevən sadiq qadın. Yeri gəlmişkən, zalda tamaşaya məxsusi Sənubər xanımın oyununa baxmağa gələn onlarla tamaşaçı ilə rastlaşdım. Tamaşanın sonunda onu güllərə qərq etdilər. Son illər bu məqam nadir hadisədir.
Tamaşa italyan musiqilərinin canlı ifası, tamaşa boyu musiqi alətlərinin səhnədə olması ilə çox dinamik və axıcı alınıb. Tamaşaçı darıxmağa macal tapmır, hadisələrin axarı musiqinin ahəngi ilə ardıcıllığını itirmir. İfaçılar gənclərdir, truppada hamı enerjili və həvəsli görünür, hərçənd hadisələr enerjisiz aktyorun ətrafında baş verir. Səyavuş obrazı Elşən Rüstəmovun ifasında fərqlidir. Yəni aktyorun bu vaxta qədər oynadığı obrazlara da bənzəmir, özünü təkrarlamır.
Yeni yaradıcılıq işinin musiqi tərtibatçısı Ayat Baxşıyev, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədovdur.
Səhnə əsərində Xalq artisti Sabir Məmmədov (Feyzulla Kəbirlinski), əməkdar artistlər Sənubər İsgəndərli (Həcər), Elşən Rüstəmov (Səyavuş), Mətləb Abdullayev (Ağamehdi), Anar Heybətov (Cavad Cabbarov), Şəlalə Şahvələdqızı (Səfura), aktyorlar Şəhla Əliqızı (Anaxanım), Rüstəm Rüstəmov (Əlikram), Vüsal Mustafayev (Məcid Ələsgərov), Məhsəti Tahirzadə (Lena), Ramin Şıxəliyev (Gənc tənqidçi), Cümşüd Zeynalov (Mamed), Elsevər Rəhimov (Eldar), Tural İbrahimov (Aydın), Nəzrin Abdullayeva (Rəna) və Lalə Süleymanova (Roza ) çıxış edir.
Hə, bilməyənlər üçün deyim ki, gənc aktyorlar Kəbirlinskiyə Dantenin yubileyi üçün dəvətnamə verib onu ələ salırlar, həmin gün dəvət olunduğu yerdə heç bir tədbir yoxdur. Xanımı ilə tədbirə gedən Kəbirlinski yenə gülünc vəziyyətə düşür. Premyera yenə olacaq. Baxmağa dəyər, klassika həmişə aktualdır.
Ramilə Qurbanlı
XQ